17 İyun, 2011
Rafiq Təmrazov Ramil Usubova müraciət etdi

 O, Yol Polisi İdarəsində təhqirlərə məruz qaldığını iddia edir

Hüquq müdafiəçisi Rafiq Təmrazov bu gün Respublika Dövlət Yol Polisi İdarəsində təhqirlərə məruz qalması ilə bağlı daxili işlər naziri Ramil Usubova müraciət edib.

Bu barədə Simsar.az-a məlumat verən hüquq müdafiəçisi bildirib ki, təhqirlərə məruz qalmasına səbəb öz haqlarını tələb etməsi olub. R.Təmrazov etibarnaməyə qeydiyyat edilməsi üçün idarəyə gəlib. “Kapitalbank”ın filialında rüsum ödəmək üçün 2 saat növbə gözləyib. Saat 16:00-da 109 saylı otağa möhür vurdurmağa gələndə məlum olub ki, iş müddəti qurtarıb. Bunu haqsızlıq sayan R.Təmrazov və daha bir neçə vətəndaş idarənin inzibati binasına gələrək, idarə rəhbərliyinə narazılıqlarını çatdırmaq istəyib.

R.Təmrazovun sözlərinə görə, burada polkovnik-leytenant rütbəli şəxs heç bir əsas olmadan şikayətə gələn vətəndaşlara qarşı təhqirə, küçə söyüşlərinə başlayıb. Onları “haqq-hesab” çəkəcəyi ilə hədələyib.

R.Təmrazov deyib ki, baş vermiş hadisə ilə bağlı hazırda daxili işlər naziri Ramil Usubova müraciət hazırlayıb. O, bu şəxsə münasibətdə lazımi ölçü götürülmədyi halda məsələni beynəlxalq qurumların diqqətinə çatdırmaqla yanaşı, məhkəməyə qədər gedəcəyini bildirib.

RAMİL

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!