16 İyun, 2011
Azərbaycanda dincəlmək istəyənlərə endirim

Əbülfəs Qarayev: "daxili turizmdə qiymətlərdə keçən ilə nisbətən təxminən 15-17 faiz civarında endirim olacaq"

Mədəniyyət və Turizm Nazirliyi müəyyən ölçülər götürərək, müxtəlif mehmanxana rəhbərləri ilə müzakirələr aparıb. 

Müzakirələrin nəticəsi olaraq, bu il ümumi daxili turizmdə qiymətlərdə keçən ilə nisbətən təxminən 15-17 faiz civarında endirim olacaq. Lent.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Nazirin sözlərinə görə, rəhbərlik etdiyi qurum qiymətlərə nəzarət etməlidir: “Baxmayaraq ki, yerlər kifayət qədər məhduddur, yəni, yerlərin tapılması müəyyən problemə çevrilib, amma bununla belə normal qiymətlərin saxlanmasına nəzarət etməliyik. Bu il xidmətlərin keyfiyyəti daha yüksək olacaq. Artıq Turizm Kollecinin birinci məzunları da buraxıldı. Bundan başqa, yerlərdə kurslar təşkil olundu. Bu proses hələ davam edəcək”.


Ə. Qarayev “Azərbaycan Hava Yolları”nın ölkədaxili aviareyslərə yeni güzəştli tariflər tətbiq etməsini də yüksək qiymətləndirib. Nazir hesab edir ki, bu addım “Turizm ili”nə və daxili turizmin inkişafına verilən layiqli töhfədir: “Ümid edirik ki, bu hal daxili turistlərin artmasına daha da yardım edəcək. Xarici səfərlərə gəldikdə, bu, beynəlxalq nəqliyyat qanunlarına uyğun tənzimlənir. Amma məndə olan məlumata görə, Azərbaycana gələn və burdan müxtəlif istiqamətlərə gedən reyslərdə sərnişinlərin sayı artıb. Bilmirəm, yeni qiymətlər buna nə dərəcədə təsir edəcək. Hər halda əgər əvvəlki qiymətə biletləri alırlarsa, deməli indi də alacaqlar”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!