15 Aprel, 2021
DİM buraxılış imtahanı keçirir

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirəcək.

İmtahan saat 11:00-da başlanır.

Gəncə şəhərinin Kəpəz rayonunda, Ağdam, Hacıqabul, İsmayıllı, Qax, Qazax, Siyəzən, Tərtər, Xızı rayonlarında, Lənkəran və Şirvan şəhərlərində Dövlət İmtahan Mərkəzi tərəfindən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirilir.

İmtahanın başlanmasına 15 dəqiqə qalmış, saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

Xatırladaq ki, kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə iştirakçılar üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək mütləqdir.

 

Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

-      İmtahana buraxılış vərəqəsi;

-     Sağlamlıq haqqında bəyannamə (buraxılış vərəqi ilə birlikdə çap edirsiniz və imzalayırsınız. İmtahana buraxılış vərəqəsi şagirdin özündə saxlanıldığı, sağlamlıq haqqında bəyannamə isə imtahan nəzarətçisinə təhvil verildiyi üçün hər iki sənəd ayrıca vərəqdə çap olunmalıdır);

-      Şəxsiyyəti təsdiq edən sənədin əsli:

 

a)   Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b)   əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

-      Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

İmtahana buraxılış vərəqəsi şagirdin (abituriyentin) özündə saxlanıldığı, sağlamlıq haqqında bəyannamə isə imtahan nəzarətçisinə təhvil verildiyi üçün hər iki sənəd ayrıca vərəqdə çap olunmalıdır.

İmtahanda 8 124 şagirdin iştirakı nəzərdə tutulur.

İmtahanların təşkil edilməsi üçün ümumilikdə 36 imtahan binası, 634 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 36 ümumi imtahan rəhbəri, 107 imtahan rəhbəri, 763 nəzarətçi–müəllim, 72 buraxılışı təşkil edən əməkdaş (mühafizə), 36 bina nümayəndəsi ayrılıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!