16 İyun, 2011
Gənc Tamaşaçılar Teatrı səfərə hazırlaşır

Onlar “Ezop” tamaşası ilə çıxış edəcək 

Gənc Tamaşaçılar Teatrı mətbuat xidmətindən Simsar.az saytına daxil olan məlumata görə, Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi «Azərbaycan Teatrı 2009- 2019-cu illərdə» Dövlət Proqramına uyğun olaraq Azərbaycan teatr sənətinin yaxın 10 il ərzində inkişaf perspektivlərini müəyyənləşdirmək üçün teatr bu istiqamətdə fəaliyyətə start verib. 

Respublika və beynəlxalq səviyyəli festivalların, elmi-praktik konfransların, habelə paytaxtda fəaliyyət göstərən dövlət teatrlarının ayrı-ayrı bölgələrimizdə yaşayan əhali ilə görüşlərin təşkili və tamaşaların nümayişi nəzərdə tutulub.


Bu il iyun ayının 21-dən 27-ə dək Lənkəran şəhərində keçiriləcək «Yeni Teatr» II Respublika festivalı məhz Mədəniyyət və Turizm Nazirliyinin müvafiq əmri ilə Dövlət Proqramı çərçivəsində artıq ikinci dəfə reallaşacaqdır. Sözügedən festivalda iştirak etmək üçün Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi iyun ayının 24-də Lənkəran şəhərinə yola düşəcəkdir. II Respublika Festivalında teatr braziliya dramaturqu G. Fiqeyredonun «Ezop» tamaşası ilə çıxış edəcəkdir. Tamaşanın quruluşçu rejissoru Xalq Artisti Cənnət Səlimova, əsas rolları Əməkdar artistlər İlqar Cahangirov, Leyli Vəliyeva, Nofəl Vəliyev, aktyorlar Rövşən Abbasov, İradə Rəşidova və Vüsal Mehrəliyev çıxış edəcəklər.

Festivaldan sonra teatr növbəti məzuniyyət ərəfəsində - iyul ayının 4-dən yenə Dövlət Proqramı çərçivəsində bölgələrimizdə yaşayan əhalinin asudə və istirahət vaxtının səmərəli keçirilməsini təmin etmək üçün Göyçay, Yevlax və Mingəçevir bölgələrinə qastrol səfərinə yola düşəcəkdir.

Kollektiv səfər zamanı bölgə tamaşaçılarına ölkə başçımızın sərəncamı ilə gələn il 200 illiyini qeyd edəcəyimiz milli dramaturgiyamızın banisi M.F.Axundovun ölməz komediyalarından birini -«Sərgüzəşti vəziri- xani -Lənkəran» tamaşasını təqdim edəcəkdir.

Tamaşada əsas rolları Əməkdar artistlər Şövqi Hüseynov, Leyli Vəliyeva, Gülər Nəbiyeva, Nofəl Vəliyev, Seyidşah Məmmədov və başqaları ifa edəcəklər.


Aylin


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!