11 Fevral, 2020
Qarabağ qazisi dəfn olundu

Qarabağ qazisi Qoşqar Hacıyev dəfn olunub. Mərhum Yasamal rayon ərazisində yerləşən "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılıb. Dəfn mərasimində mərhumun ailə üzvləri, Müdafiə Nazirliyinin əməkdaşları, deputatlar və ictimaiyyət nümayəndələri iştirak ediblər. Qeyd edək ki, Q.Hacıyev fevralın 9-da müalicə aldığı “Ege Hospital”da dünyasını dəyişib.

Q.Hacıyev 1986-ci ildə Mingəçevir şəhərində anadan olub. Azərbaycan Ordusunda müddətdən artıq hərbi qulluqçu kimi xidmət edib.

2015-ci ilin sentyabrın 2-də düşmənin kəşfiyyat-diversiya hücumunun qarşısını alarkən başından ağır yaralanıb. Onun müalicəsi yerli tibb müəssisələri ilə yanaşı, Türkiyənin Gülhanə Təhsil və Araşdırma Xəstəxanasında aparılıb.

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə Q.Hacıyev “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif edilib. Onun medalı 2019-cu ilin aprelin 20-də Gülhanə xəstəxanasında müalicə olunan zaman ailəsinə təqdim olunub.

Allah rəhmət eləsin!

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!