13 İyun, 2011
Xəzərdə Rusiyanın yeni hərbi gəmiləri

“Kalibr” raket kompleksi ilə təchiz olunan kater

Rusiya yaxın aylarda Xəzər dənizindəki hərbi donanmasını yeni gəmilər hesabına daha da gücləndirməyi planlaşdırır. Qarşıdakı yay aylarında Rusiya Hərbi Dəniz Qüvvələrinin Xəzər flotiliyasına əlavə 3 döyüş gəmisinin daxil edilməsi planlaşdırılır. 

Simsar.az-ın məlumatına görə, “Krasnaya Zvezda” qəzetinə müsahibə verən Xəzər Flotiliyasının komandanı, kontr-admiral Sergey Alyokminski bildirib ki, yaxın bir neçə ay ərzində 11661K sinfli “Dağıstan” tipli ikinci raket gəmisi donanmanın döyüş sıralarına daxil ediləcək. Flotiliyanın flaqman gəmisi olan, 2002-ci ildə silahlanmaya qəbul edilmiş eyni sinfli “Tatarıstan”dan fərqli olaraq ikinci gəmi daha müasirdir. Bu gəmi daha müasir radiotexnika sistemləri və silahlarla təchiz edilib. Yeni gəmi əlavə olaraq gəmilərə qarşı “Kalibr” raket kompleksi ilə də təchiz olunub.

Bunlardan başqa, Flotiliyanın döyüş sıralarına “Volqadonski” və “Mahaçqala” tipli kiçik artilleriya gəmilərinin və köməkçi gəmilərin daxil edilməsi planlaşdırılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!