13 İyun, 2011
Ömər Eldarovun əsəri Koreyanın parkında

“Bölünmüş millət” beynəlxalq sərgidə maraqla qarşılanıb

İyunun 11-də Koreya Respublikasının Boryeong şəhərində yerləşən Geahva Sənət Parkında 8-ci Beynəlxalq heykəltəraşlıq sərgisi keçirilib. 

Azərbaycanın Koreyadakı səfirliyindən Lent.az-a verilən məlumata görə, sərgidə Azərbaycanın xalq rəssamı, akademik Ömər Eldarovla bərabər dünyanın on ölkəsindən (İsrail, Argentina, Rusiya, Özbəkistan, Seneqal, Pakistan, İraq, Myanma, Çili, Paraqvay) gəlmiş heykəltəraşların sənət əsərləri nümayiş etdirilib.

Mədəniyyət və Turizm Nazirliyi, SEBA Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası İctimai Birliyi və Azərbaycanın Koreyadakı səfirliyinin dəstəyi ilə Ömər Eldarovun “Bölünmüş millət” adlı sənət əsəri Geahva Parkında ucaldılıb və beynəlxalq sərgiyə gələn yüzlərlə tamaşaçının diqqətini çəkib.

Koreya Mosan İncəsənət Muzeyi, “Koreya Post” jurnalı, Boryeong şəhər Meriyasının maddi dəstəyi ilə həyata keçirilmiş beynəlxalq sərginin açılış mərasiminə Cunqçonnamdo əyalətinin qubernatoru, Boryeoung şəhərinin meri, yerli idarəetmə orqanlarının başçıları, Koreyanın tanınmış sənət ustaları, Seulda yerləşən diplomatik nümayəndəliklərin başçıları, diplomatlar və Koreyanın aparıcı media nümayəndələri və yerli sakinlərlə bərabər üç yüzdən çox adam qatılıb.

2004-cü ildə yaradılmış Geahva Parkında hazırda dünyanın əlli müxtəlif ölkəsindən gəlmiş tanınmış heykəltəraşların 78 sənət əsəri ucaldılıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!