10 Dekabr, 2019
Rövşən Abdullaoğlu Antarktidadan yazır: Orne buxtası, nəfəskəsən gözəllik

Hava çox küləklidir, şaxtalıdır, okean da dalğalıdır. Gəmimiz buxtaya girdi. Buxta kiçik körfəz deməkdir, yəni burada okeanın bir parçası quruya daxil olub, gümüşü sular üç tərəfdən dümağ dağlar, təpəliklərlə çevrələnib. Həmişəki kimi yenə bələdçilər motorlu qayıqlarla sahili müşahidə etməyə getdilər. Çox keçmədən xoş xəbər aldıq, havanın çox soyuq olmasına baxmayaraq, sahilə yan ala biləcəkdik.

Qruplarla sahilə endik, buradan da dağın başına doğru çıxmalı idik. Bizdən öncə sahili təhqiq etmiş bələdçilər hərəkət trayektoriyasını müəyyənləşdirmiş, keçid yerlərinə qırmızı bayraqlar sancmışdılar. Hər bir halda, əksər ekspedisiya üzvləri üçün zirvəyə dırmanmaq heç də asan olmadı. Getdikcə hava pisləşirdi, külək adamı yıxır, duman görüntünü bir qədər də məhdudlaşdırırdı. Bütün bunlara sinə gərib bir müddət sonra zirvəyə yetişdik.

Dəyərmiş. Gördüyümüz mənzərə bütün təsvirlərin fövqündə idi, möhtəşəm bir gözəllik. Bütün buxta və bütün Antarktida ovcumuzun içində idi. Real aləmdə olduğumuza bizi sağa sola yırğalanaraq hərəkət edən pinqvin sürüləri inandırdılar. Sürü deyirəm sizə, özü də dağın başında. Təəccüblü idi, çünki biz adətən onlara adaların suya yaxın aşağı hissələrində rast gəlirik, orada qida tapmaq da daha asandır. Bu dəfə isə tam əksini görürdük, dağın başı pinqvinlərlə dolu idi. O özünəməxsus yerişləri ilə bura necə dırmanıblar, maraqlıdır. Pinqvinlər təpəliklərin üstündə o yan-bu yana gedir, bəzən də təpədən aşağı sürüşürdülər.

Bir neçə saat bu gözəlliyin qoynunda keçirdik. Sonra qayıtmaq vaxtı olduğunu dedilər. Aşağı düşmək çıxmaqdan çox çətin idi. Yeriyərək çıxmışdıq, ancaq indi külək ayaq üstə durmağa imkan vermirdi. Yamac çox dik və sürüşkən idi, aşağı yuvarlanmaq riski çox böyük olduğundan hamımız məcbur kürəyi üstə sürüşərək enməli olduq.

İndi artıq gəmidəyik. Bu gün Antarktida səfərinin, bəlkə də bütün səyahətlərimin ən unudulmaz epizodlarından birini yaşadım.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!