9 İyun, 2011
Mərkəzi Bank jurnalistlərə treninq keçirir

Treninqlərin sonunda iştirakçılara sertifikatlar təqdim ediləcək

Mərkəzi Bankı qəbul etdiyi Kommunikasiya strategiyası çərçivəsində jurnalistlər üçün “Mərkəzi Bankçılıq” mövzusunda treninqlərə başlayır. 
Bankın mətbuat xidmətindən Simsar.az-a daxil olan məlumata görə, iki ay davam edəcək treninqlərin keçirilməsinin əsas məqsədi jurnalistlərin iqtisadiyyat, maliyyə, bank işi sahəsində biliklərinin artırılmasına yardım etməkdi.
On sessiyadan ibarət treninqlərdə media nümayəndələrinə pul-kredit siyasəti, bank nəzarəti kimi mərkəzi bankçılığa aid başlıca mövzular haqqında ətraflı məlumat veriləcək və hər treninqin sonunda sual-cavab sessiyası təşkil ediləcək.
Treninqin açılışında iştirak edən Kommunikasiya departamentinin direktoru Rüfət Abbasov çıxış edərək bildirib ki, iqtisadi sahədə yazan jurnalistlərin bank-maliyyə işi barədə biliklərinin artırılması nəinki Mərkəzi Bank, ümumilikdə Azərbaycan iqtisadiyyatı haqqında materialların daha peşəkar hazırlanmasında media mənsublarına kömək edəcəkdir.
Treninqlərin sonunda iştirakçılara sertifikatlar təqdim ediləcək.

RAMİL

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!