25 İyul, 2019
“Şah” çempion oldu

Riqada FIDE-nin və “World Chess”in birgə təşkil etdiyi “Grand Prix 2019” seriyasının final oyunları başa çatıb. Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov fransalı Maksim Vaşye-Laqravla münasibətlərinə aydınlıq gətirib.

İlk oyunda ağ fiqurlarla qələbə qazanıb, ikinci görüşdə “qara”lara uduzan “Şah” rəqibini tay-breklərdə keçməyə çalışıb.

Amma dörd oyunun hamısı heç-heçə başa çatıb, ardınca blitsdə də status-kvo pozulmayınca, ümid sonuncu vasitəyə - “armagedon”a qalıb. Qara fiqurlarla çıxış edən Ş.Məmmədyarov 64-cü gedişdə qələbəsini rəsmiləşdirərək, ümumi hesabda 5:4 hesabı ilə qalib gəlib və “Grand Prix 2019”un çempionu olub.

Qeyd edək ki, 16 şahmatçının qatıldığı “Qran-Pri” turniri pley-off sistemi ilə keçirilirdi. Ümumilikdə dörd seriyadan ibarət olacaq super-turnirin Moskvada keçirilmiş ilk seriyasında rusiyalı Yan Nepomnyaşi qələbə qazanmışdı.

Finala çıxan hər iki şahmatçı 2020-ci ildə “Şahmat tacı” uğrunda iddiaçılar turnirində oynamağa haqq qazanıb. Həmin turnirin qalibi isə gələn ilin payızında norveçli dünya çempionu Maqnus Karlsenlə titul matçına çıxacaq.//oxu.az

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!