8 İyun, 2011
AVROPALILAR YUĞ TEATRINDA PYESLƏRİ MÜZAKİRƏ EDƏCƏK

Elçin Cəfərov: “Bu, teatr prosesinin inkişafından ötrü çox əhəmiyyətlidir”

Avropanın teatr sahəsində tərcümə üzrə iş şəbəkəsi (EURODRAM ) və Avropa və Şərq Evi (MEO) beynəlxalq təşkilatları Azərbaycanda pyeslərin ictimai müzakirəsinin keçirilməsini təklif ediblər. 

YUĞ Dövlət Teatrının ədəbi hissə müdiri Elçin Cəfərovun sözlərinə görə, Mədəniyyət və Turizm Nazirliyi tədbirin Azərbaycan teatr məkanının inkişafı üçün əhəmiyyətli olacağı qənaətindədir.

Layihə çərçivəsində 10 iyun saat 12.00-da YUĞ Dövlət Teatrında S.Mrojekin «Mühacirlər» pyesinin ictimai qiraəti və müzakirəsi olacaq. Ümumdünya miqyasında keçirilən mərasimlərin tərkib hissəsi kimi qiymətləndirilən tədbirdə teatrşünaslar, rejissorlar, aktyorlar, dramaturqlar, teatr xadimləri və jurnalistlər iştirak edəcəklər.

E.Cəfərov tədbirin YUĞ Dövlət Teatrında keçirilməsinin təsadüfi olmadığını bildirib: “Çünki bütün fəaliyyət müddəti ərzində YUĞ dünya teatr məkanına inteqrasiya meylləri, yeniliklərə açıq olması, fərdi yaradıcılıq istiqaməti ilə seçilib. Burda ustad dərsləri, seminarlar, mühazirələr, forumlar, müzakirələr, disputlar tez-tez keçirilir. Düşünürük ki, bu tipli tədbirlərin davamlı baş tutması milli teatr prosesinin inkişafından ötrü çox əhəmiyyətlidir”.

Adları çəkilən beynəlxalq təşkilatlar Avropanın müxtəlif ölkələrində belə tədbirlə çıxış ediblər.

Arifə Mikayılova

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!