7 İyun, 2011
AVROPALI NÜMAYƏNDƏLƏR MÜXALİFƏT LİDERLƏRİ İLƏ GÖRÜŞDÜLƏR

Azərbaycanda ictimai-siyasi proseslər, azadlıqların vəziyyəti, siyasi institutların fəaliyyəti, demokratik dəyişikliklərlə bağlı məsələlər müzakirə olunub

Bu gün Avropa İttifaqının Bakıdakı ofisində Avropa İttifaqının Xarici Siyasət Xidmətinin Avropa və Mərkəzi Asiya üzrə icraçı direktoru Miroslav Layçak və Aİ-nin məsul nümayəndəsi Con Kayer Azərbaycanın aparıcı müxalifət partiyalarının sədrləri ilə görüşüb. 


Görüşdə Müsavat başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, ADP sədri Sərdar Cəlaloğlu, Ümid Partiyasının sədri İqbal Ağazadə və AMİP sədri Yusif Bağırzadə iştirak ediblər. Sonuncunun verdiyi məlumata görə, Aİ-nin səlahiyyətli şəxsləri ilə ölkədəki ictimai-siyasi proseslər, fundamental azadlıqların vəziyyəti, siyasi institutların fəaliyyəti, eləcə də, demokratik dəyişikliklərlə bağlı məsələlər müzakirə olunub.
Müxalifət partiyalarının rəhbərləri Azərbaycandakı mövcud durumdan narahatlıqlarını avropalı qonaqların diqqətinə çatdıraraq beynəlxalq ictimaiyyətin yaranmış problemlərin aradan qaldırılması istiqamətində səylərinin genişləndirilməsinin vacibliyini bildiriblər.
Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Xatırladaq ki, Con Kayer Azərbaycanla Avropa İttifaqı arasında assosiativ saziş üzrə danışıqlara başçılıq edir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!