7 İyun, 2011
4 İYUN QİYAMI EKS BAŞ PROKURORLARI ÜZ-ÜZƏ QOYDU-İTTİHAM

İxtiyar Şirin: “Elçibəyin həbsilə bağlı sankisiya sənədlərini Əli Ömərov hazırlayıb”

Əli Ömərov: “İxtiyar Şirin və Sülhəddin Əkbər Gəncəni bombalamaq istəyib”

1993-cü ilin 4 iyununda Gəncədə baş qaldıran qiyamın 18-ci ildönümü ilə bağlı, həmin dövrdə respublikanın baş prokuroru olmuş İxtiyar Şirinin Simsar.az saytında açıqlaması dərc edilib.  

İ.Şirin 4 iyun qiyamınının təşkilinə və icra olunmasına görə, bir neçə şəxsi ittihamlayıb.

Rusiya və İranın sifarişilə Gəncədə silahlı qiyam qaldıraraq hakimiyyətə yiyələnmək istəyən 709 saylı hərbi hissənin komandiri Sürət Hüseynova siyasi dəstəyi Azərbaycan Milli İstiqlal Partiyası və bu partiyada mühüm post tutan Şadman Hüseynov, keçmiş müdafiə naziri Rəhim Qazıyev, milli azadlıq hərəkatının fəalı Nemət Pənahlı və başqaları veriblər.

İ.Şirinə görə, 4 iyun qiyamını təşkil edənlərdən biri də həmin dövrdə Gəncə nəqliyyatının prokuroru olan, sonradan respublikanın baş prokurorü təyin edilən Əli Ömərov idi: «709 saylı hərbi hissədə qiyam əmrini verənlər sırasında Sürət Hüseynovla yanaşı, Şadman Hüseynov və Əli Ömərov da olub. Onlar qiyamçılarla birlikdə hərəkət ediblər. Həmin şəxslərin sonradan cinayət məsuliyyətinə cəlb olunmamaları, yüksək vəzifəldərə təyin olunmaları məndə çox böyük təəssüf hissi yaratdı».

Mərhum prezident Ə.Elçibəyin həbsilə bağlı sankisiya verməsi məsələsinə də aydınlıq gətirən İ.Şirin əlavə edib ki, sanksiya ilə bağlı sənədləri Əli Ömərov və Nemət Pənahlı hazırlayıb: «Əli Ömərov, Nüsrət Budaqov və bir neçə əli aftomatlı adam mənim yanıma gəldilər. Əli Ömərov mənə dedi ki, əgər bu sənədlərə imza atmasan girovluqdakı dövlət məmurlarını Gəncədəki çinar ağaclarından asacağıq. Onlar bunu yerinə yetirəcəydilər».

İ.Şirinin ittihamlarına münasibətini öyrənmək üçün keçmiş prokuror Ə.Ömərova müraciət etdik.

Ə.Ömərov əməkdaşımızla söhbətində öncə bildirib ki, İ.Şirinin danışmağa heç bir mənəvi haqqı yoxdu: «Bir adam ki, qorxusundan, canının dərdindən öz prezidentinin həbsi barədə sanksiya verə, ondan nə gözləyəsən? Onun Əbülfəz Elçibəyin barəsində qaldırdığı cinayət işi prokurorluqda durur. Yalandan deyir ki, sənədlər saxta olub, nə bilim Əli Ömərov hazırlayıb və s. Elçibəyin həbsilə bağlı bütün sənədləri İxtiyar Şirinin özü hazırlayıb. Mən kim idim ki, sənəd hazırlayam. Adi prokurorluq işçisiydim. 4 iyun qiyamı ilə bağlı mənim adımın hallanması doğru deyil».

İ.Şirinin girov götürülməsi və ağır şəritdə prezidentin həbsi barədə sanksiya verməsi məsələsinə gəlincə, keçmiş prokuror bildirdi ki, İ.Şirinin girov götürülməsi öz günahı ucbatından olub: «Baş prokurorun Gəncədə nə işi var idi, o vaxt. Oturmuşdu da Bakıda. Sülhəddin Əkbərlə ikisi Gəncəni bombalamaq üçün ora gəlmişdilər və cavablarını da aldılar. Xalqa qarşı silah işlətmək istəyənlərin axırı belə olur».

Ə.Ömərov bir qədər də irəli gedərək qeyd edib ki, 4 iyunda Gəncədə heç bir qiyam olmayıb: «İxtiyar Şirin və Sülhəddin Əkbər Gəncəni bombalamaq istəyib. Camaat da buna etiraz olaraq ayağa qalxıb. Mən isə qan tökülməməsi üçün fəallıq göstərmişəm. Vəssalam».

4 İyun qiyamının gənc Azərbaycan dövlətinin çöküşündəki roluna gəldikdə isə keçmiş prokuror bu barədə danışmaq istəmədi.

RAMİN





Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!