18 Aprel, 2019
"Reket" baş redaktorun məhkəməsi olub: 300 manat verib yazını sildirdim

Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən İkram Rəhimovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Hakim Əlövsət Abasovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində ifadə verən, Gəncə Şəhər Təhsil İdarəsinin müdiri Zakir Hüseynov deyib ki, məktəb direktoru işlədiyi vaxtlarda İ.Rəhimov özünü jurnalist kimi təqdim edərək onun barəsində yazı yazıb: "2014-cü ildə bir dəfə zəng etdi ki, maşını qırılıb, yolda qalıb. Mən də pul verdim. Sonra da mütəmadi olaraq pul istədi. Barəmdə yazı yazacağını bildirirdi".

Zərərçəkmişin ifadəsinə etiraz edən təqsirləndirilən şəxs deyib ki, Z.Hüseynov əvvəllər çalışdığı "Hürriyyət" qəzetinə abunə olub və pulu da buna görə verib.(trend)

Prosesdə ifadə verən digər zərərçəkmiş, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Şabran rayonu üzrə 5 saylı ərazi şöbəsinin direktoru Rafiq Əbilov isə İ.Rəhimovu şəxsən tanımadığını deyib: "İkram Rəhimovu şəxsən tanımamışam. Onun saytında barəmdə yazı yazılmışdı. Həmin yazını tanışım vasitəsilə sildirib 300 manat göndərdim. Hazırda İkram Rəhimovdan şikayətçi deyiləm".

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!