25 Mart, 2019
Şeyx Əbdül: Afət Fərmanqızının onlara cavab qaytarması əxlaqsızlıqdır

Əməkdar incəsənət xadimi, xalq artisti Şeyx Əbdül (Əbdül Mahmudov) Afət Fərmanqızının, Flora Kərimova və Rasim Balayevin tənqidlərinə cavab olaraq, “qələt edirsiz, məni tənqid edirsiz” deməsinə münasibət bildirib.

Simsar.az xəbər verir ki, Şeyx Əbdül Yeniavaz.com-a verdiyi açıqlamasında bildirib ki, hər şeyi müzakirə etmək olar, amma ədəb qaydaları çərçivəsində: “Biz müasir adamlarıq, mədəni insanlarıq. Hər şeyi müzakirə etmək olar, amma ədəb qaydaları çərçivəsində. Ancaq təhqirə keçmək biabırçılıqdır.

Bizim gözəl bir məsəlimiz var. Deyir, “abrını, abırbilməzdən qoruyasan gərək”. Mən o qızı bir dəfə görmüşəm. Əgər o kimlərisə arxasına alıb, Rasim Balayevi, Flora Kərimovanı təhqir edirsə bu artıq mədəniyyətimizin yox, dövlətin problemidir. Bu işdən məsul şəxslərin problemidir. Rasim aktyordur, yaşlı adamdır. Bir kəlimə deyəcək, min kəlimə cavab verəcəklər. Bu da olacaq bazar. Bu işlə dövlət qurumları çox ciddi şəkildə məşğul olmalıdırlar.

Rasim Balayev Azərbaycan elm-sənət sahəsinin böyük bir mərhələsidir. Həmçinin də Flora xanım. Və onlara cavab qaytarmaq, Allahsızlıqdır, əxlaqsızlıqdır, mənəviyyatsızlıqdır, tərbiyəsizlikdir. Bu həmin şəxsin tərbiyəsinin göstəricisidir”.

O həmçinin bildirdi ki, bu cür şəxslərin efirə çıxarılması ilə, Azərbaycanın mədəniyyəti, tarixi, mənəviyyatı təhrif olunur: “Mən axı bu biabırçılığa, eybəcər şouçuluğa, əxlaqsızlığa son qoyulması üçün 15 ildir ki, car çəkirəm. Kim şərait yaradıb bu “gədələr”ə ki, gəlib Azərbaycan efirində saatlarla otururlar. Burada Azərbaycanın mədəniyyəti, tarixi, mənəviyyatı, fəlsəfəsi təhrif olunur. Niyə bunlar haqqında ölçü götürülmür? Hara baxır o televiziyaların rəhbəri? Hara baxır ATV? O ATV-nin qurucularından biri də mənəm. İndi heç məni dəvət də etmirlər o kanala. Halbu ki, mənim çörəyimi yeyirlər. Mən konkret olaraq ATV-ə xəbərdarlıq edirəm. O televiziyanı biz ətimiz-qanımız bahasına yaratmışıq. Onu Azərbaycanın ən baxımlı kanalı etmişik. Orda bizim klassik irsimizi təbliğ edən verilişlər gedirdi. İndi oranı şouxanaya döndəriblər”.

Şeyx Əbdül bu işin həllinin ancaq peşəkar insanlarda olduğunu bildirib: “Əgər bu sahə ilə məşğul olan insanlar Azərbaycanın sərvətindən çapıb-taladığı pulu Azərbaycanın sənətinə, tarixinə, mədəniyyətinə xərcləmək istəyirsənsə peşəkar insanlara müraciət etməlidir! Bu işlə məşğul olan dövlət səviyyəli qurumlar mövcuddur. Niyə bu işi peşəkarlara vermirlər? Demək burada bir xəyanət var. Bunlar hamısı işin görünən tərəfidir. Bunun arxasında dayanan böyük təxribatlar var. Planlı şəkildə Azərbaycanın əxlaqını, mənəviyyatını, ruhunu korlayan insanlar var. Onları oğurlayıb başqalarına satan maraqlar var. Nə yaxşı ulu öndər Heydər Əliyev elmə, sənətə qayıdış deyə bir ənənə yaratdı. Bu gündə prezident İlham Əliyev bu işi davam elətdirir. Mehriban xanımın təşəbbüsü ilə bizim milli dəyərlərimiz olan muğam, tar UNESCO-nun maddi mədəni irsinə qəbul edilib”.

Xalq artisti efirdə özbaşınalıqlarla məşğul olanların ciddi şəkildə cəzalandırılmalı olduqlarını bildirib: “Axı onlar kimdir ki, efirdə çıxıb kimisə müalicə edirlər, kiməsə cinayət işi açırlar? Axı dövlətin bu işlərlə məşğul olan qurumları mövcuddur. Bunları kim və necə maliyyələşdirir?

Mən prezidentimizə və Mehriban xanıma müraciət edirəm. Bunlara son qoymaq lazımdır. Artıq bıçaq sümüyə dirənibdir. Azərbaycanın elm, sənət adamları artıq abırlarını gözləyib susmasınlar. Çünki abrımız gedir artıq. Bu insanlar ciddi şəkildə cəzalanmalıdırlar, vəssəlam!”.

Qeyd edək ki, Nəsiminin "Sığmazam" qəzəlini hind ritminin üstündə ifa edən Afət Fərmanqızı “Insagram”dan paylaşım edərək mahnısına görə onu tənqid edənləri məhkəməyə verəcəyini deyib.


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!