4 İyun, 2011
Telman İsmayılovun daha bir bazarını bağladılar

Yeni mer milyarderin izlərini Rusiya paytaxtından silir, onun sözü indi Kremldə keçmir

Yəhidi əsilli azərbaycanlı milyarder Telman İsmayılovun Rusiyada daha bir bazarı bağlanıb. Rusiya KİV-lərinin xəbərlərinə görə, bugünlərdə Moskva meri Yuri Sobyaninin tapşırığı ilə bağlanan “Lujniki” bazarının mülkiyyətçisi rəsmi sənədlərdə “Orqmarket” adlı şirkət göstərsə də, onun əslində T.İsmayılova məxsus olduğu üzə çıxıb. Moskva meriyasındakı mənbələrdən zem.ru portalına verilən məlumatda deyilir ki, bu yaxınlara qədər bazarı T.İsmayılovun oğulları Ələkbər və Sərxan idarə edib. 


Lakin rəsmi sənədlərdə bazarın “Orqmarket” şirkətinə məxsus olduğu göstərilib, bu şirkətin təsisçisi qismində isə “Plyuşixa” adlı əlillər cəmiyyəti göstərilib. T.İsmayılov 2007-ci ildə verdiyi açıqlamada deyib ki, bazar ona məxsus deyil. Baxmayaraq ki, 1992-cü ildə “Lujniki” stadionunun ərazisində ticarət yarmarkasını o açıb. T.İsmayılov deyib ki, Moskvada ona aid olan bütün yarmarkaları “Çerkizov” bazarına toplayıb. Lakin belə görünür ki, bazar əslində T.İsmayılovun olub.
“Orqmarket” şirkətinin baş direktoru Aleksandr Sergeyev təsdiq edib ki, “Lujniki” yarmarkasının fəaliyyəti iyunun 30-nadək tam dayanacaq, bununla da stadion ancaq idman məqsədlərinə xidmət edəcək. Mətbuat yazır ki, ötən ilin oktyabrında Sobyanin Moskvaya mer təyin ediləndə “Lujniki” olimpiya-idman kompleksinin ərazisinin 145 hektarında yarmarka fəaliyyət göstərirdi. Ekspertlərin hesablamalarına görə, bu bazarın dövriyyəsi ildə 2 milyard dolları keçirdi. Sənədlərdə isə göstərilirdi ki, bazar ziyanla işləyir. Sobyanin bazarla bağlı vəziyyəti öyrənib, ona məlum olub ki, hər gün bazar mal daşıyan və aparan iri yük maşınları, avtobuslar böyük tıxaclar yaradır. Nəticədə mer Moskva prokurorluğuna bazarın fəaliyyətini araşdırmaq üçün müraciət edib. Yoxlama zamanı çoxlu sayda qanun pozuntuları aşkarlanıb. Prokurorluq meriyanın qarşısında bazarın bağlanması və ərazinin mülkiyyətçidən geri alınması üçün vəsatət qaldırıb.
“RİA Novosti” isə xəbər verir ki, T.İsmayılovun AST şirkətlər qrupunun Moskva meriyasına bağlı olan “Moskapstroy” şirkətinə qarşı qaldırdığı kompensasiya iddiası rədd edilib. AST şirkətlər qrupu ona aid olan ərazinin yol tikintisi üçün alınmasına etiraz edirdi və meriyanın tərkibində olan şirkətdən 870 milyon rubl kompensasiya tələb edirdi. Moskva Arbitraj Məhkəməsi əvvəlcə iddianı təmin edib, lakin qarşı tərəf apelyasiya verib və nəticədə T.İsmayılovun iddiası təmin olunmayıb. Bu da milyarderin Rusiyanın hakimiyyət dairələrində sözünün artıq keçmədiyini göstərir. Bu günlərdə məlum olmuşdu ki, T.İsmayılov vəziyyətin onun xeyrinə olmadığını görərək Rusiyadan yır-yığış etmək qərarına gəlib. O, şirkətlərini və daşınmaz əmlakını satışa çıxarıb, lakin müştəri tapmaq asan deyil.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!