3 Aprel, 2018
İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 3-də Türkiyə Respublikasının ədliyyə naziri Əbdülhəmid Gülün başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

"Report"un xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb. Nazir Əbdülhəmid Gül Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlət başçısına çatdırıb.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, hüquq mühafizə orqanları, o cümlədən Ədliyyə nazirlikləri arasında sıx əməkdaşlığın ikitərəfli əlaqələrimizin daha da genişləndirilməsi işinə töhfə verdiyi bildirilib.

Söhbət zamanı Azərbaycan ilə Türkiyə arasında bütün səviyyələrdə qarşılıqlı səfərlərin önəminə toxunularaq bildirilib ki, Türkiyə Respublikasının ədliyyə naziri Əbdülhəmid Gülün Azərbaycana bu səfəri də ölkələrimiz arasında əməkdaşlığın möhkəmləndirilməsi işinə xidmət edəcək.

Dövlət başçısı Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Türkiyə Prezidentinə çatdırmağı xahiş edib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!