13 Mart, 2018
Xuraman Vəfadan kəskin tənqid: "İncəsənətimizə düşmən kəsiliblər"

Şairə Xuraman Vəfa bayağı mahnılar və onların ifaçılarını kəskin tənqid edib. Bu barədə Simsar. az-  a danışan şairə xanım  bildirib ki, akademik mahnılar itmək üzrədir.  “Musiqimizə, mahnılarımıza baxsaq görərik ki,  böyük bir uçurumun kənarındayıq. Xalqın zövgünü məcbur şəkildə korlayanlar var. Bizim kamanımız, tarımız, tütəyimiz, balabanımız var. Necə ki müğənni oxuyur, alətlər də onu ifadə etməlidir. Musiqi alətlərimiz bir sintezatorla əvəz edilib. Son zamanlar musiqi bəstələnmir. Mən deyərdim bəstəkarlarımızın çoxu incəsətdən küsüb. Baxırsan müğənnilər elə bəstəkarlara üz tuturlar ki adam söz tapmır deməyə.  İndi  hər kəs öz kitabını oxuyur, hərə öz havasında oynayır.  Sənəti öldürən insanlar əslində xalqın düşmənidir. Bizim incəsənətimizə düşmən kəsiliblər. Milli əsərlərimizi guya sintez edib Avropaya çatdırırlar. Daha da bərbad günə qoyurlar bizim xalq mahnılarımızı.  Bir vaxtlar var idi  televiziya kanallarında, bəstəkarlar birliyinin özündə də senzuralar var idi. Hər mahnılar qəbul olunmurdu. Bu problem bəstəkarlar ittifaqı səviyyəsində də həll olunacaq bəla deyil.  Bu gün hamı bəstəkar, hamı şair olub. Müğənni həm bəstəkardır, həm musiqiçidir, həm də söz yazarıdır. Nə qədər ki, bu fəlakət qarşımızda duracaq, bizimlə bir addımlayacaq sənətimizdə irəliləyiş olmayacaq.  Bu bayağı mahnılar insanların zövgünü korlamaqla yanşı həm də əxlaqi cəhətdən kasıbdır. Xalqın əxlaqını korlayan mahnılardır. Həmin sənətdən xəbəri olmayanlar ən böyük konsert salonlarında konsert verirlər. Əvvəllər hər adam Heydər Əliyev adına sarayda konsert verə bilməzdi.  Indi yerindən duran o salonda  konsert verir.”

Xuraman xanım eyni zamanda bayağı  mahnıların yayılmasında bölgələri günahlandıranlara da cavab verib.  Bildirib ki, bölgələrimizdə kifayət qədər ziyalı, zövglü insanlar var. “Gəlin heç də uzaq olmayan tarixə nəzər salaq  Şəfiqə Axundova Şəkidən gəlib, Üzeyir Hacıbəyov Şuşadan gəlib bu siyahını uzatmaq da olar. Problemi bölgələrin üzərinə atıb o insanları günahlandırmasınlar. Tariximizə, ədəbiyyatımıza, kinolarımıza, musiqimizə nəzər salsaq görərik bölgələrdən necə nəhəng sənətkarlar çıxıb. Ondansa problemin həllinə çalışılsın.  Həll yolunu isə mən nəzarətdə görürəm.  Sözlər və musiqi təhlil olunmalıdır. Onu da qeyd edim ki, bu cür mahnıların təbliğatı təkcə televiziya və radiolarda aparılmır. Restoranlar, alış-veriş mərkəzləri və digər ictimai yerlərdə bayağı mahnılar təbliğ olunur. Bunların qarşısı alınmalıdır.

Simsar.az

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!