12 Mart, 2018
Elçin Əlibəyli: "Təvəkkül müəllimin iradlarını səmimi qəbul edirik"

Simsar.az xəbər verir ki,  Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, Proqramlaşdırma və Analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov APA - ya açıqlamasında qeyd edib ki, xüsusən “Space” telekanalında yayımlanan “El bizim, sirr bizim” verilişində son vaxtlar cəmiyyətdə ekstrasens, şəfaverici kimi tanınan bəzi şəxslər tez-tez görünür: “Bütün hallarda onlar efirə tez-tez çıxdıqca, reklam olunurlar. Bəzən həmin ekstrasenslər insanların sağlamlığında özlərini həkimlərdən daha vacib rol sahibi kimi təqdim edirlər. Təəssüf ki, aparıcılar da ekstrasenslərin təkəbbürlü çıxışlarının qarşısını almağa çalışmırlar. Bu da onların əl-ayağını açır. Özlərinə ekstrasens deyən həmin şəxslər son vaxtlar özlərini o dərəcədə arxayın hiss edirlər ki, efirdə tamaşaçıya, iştirakçıya hörmətsizlik edir, yersiz emosionallıq, efir etikasına zidd davranışlar sərgiləyirlər. Bütün bunlar ciddi narahatlıq yaradır. Sanki kanalların, aparıcıların həmin “ekstrasens”lərdən asılılığı təəssüratı yaranır. Bu cür hallar monitorinqlərin predmetidir və mütəmadi olaraq Şura rəhbərliyinə məruzələr edilir”.

Simsar.az sözügedən verilişin müəllifi və aparıcısı Elçin Əlibəylinin T.Dadaşovun iradlarına münasibətini öyrənib. O iş prosesində qüsurların qaçılmaz olduğunu söyləyib. "Təvəkkül müəllimin iradlarını səmimi qəbul edirik. Gələcək fəaliyyətimizdə bu kimi situasiyslara imkan verməyəcəyik. MTRŞ-ın tövsiyə, tələb və qərarları teleməkanın yaxşılaşdırılması üçün verildiyindən, biz də qeyd-şərtsiz qəbul edirik."

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!