7 Mart, 2018
Qalmaqallı 220 saylı məktəbin laborantından Bakı Şəhər Təhsil İdarəsinə sərt ittihamlar - TƏFƏRRÜAT

Bir müddət öncə Bakıda fəaliyyət göstərən 220 saylı məktəb-lisey ətrafında baş verən insidentlə bağlı rəsmi olaraq araşdırma aparılır. Qeyd edək ki, insidentə səbəb təhsil müəssisəsinin direktor müavini Zeynəb Rzayeva ilə hazırkı direktor Tural Mirzəliyev arasında baş verən narazılıqdır.

Məktəbin laborantı Nəzrin Əhmədova baş verən hadisələrlə bağlı izahatı alınması üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsinə çağırılıb. Nəzrin Əhmədova sosial şəbəkədəki səhifəsində idarədə izahatı alınarkən ona təzyiq edildiyini bildirib. Qeyd edib ki, ona hadisələrin şahidi kimi izahat yazmaq təklif olunub. Lakin yazdığı izahat onu qəbul edən Nazim Bağırovun xoşuna gəlməyib: "Məni əvvəlcə daxili nəzarətin rəhbəri Sərxan müəllim qəbul etməli idi. Onun işi olduğu üçün məni digər əməkdaş Nazim Bağırovun otağına göndərdilər. Nazim müəllim mənə dedi ki, məktəbdə baş verən hadisələrlə bağlı izahat yazım. Lakin qarşıma şərt qoydu ki, izahatı onların dediyi kimi yazmalıyam. Əlbəttə, buna etira etdim. Məndən haqq istədilər və mən də haqqı danışmağa başladım. Bu onların xoşuna gəlmədi, əsl sifətlərini nümayiş etdirərək təzyiq etməyə başladılar. Mənə heç bir əsası olmayan, məktəbin keçmiş direktoru ilə bağlı və şagirdlərin qəbul qaydalarının guya Rzayeva Zeynəb tərəfindən icra edildiyini və mənim də onun sifarişi ilə ÜM-1 dediyimiz siyahını tərtib etdiyimi, onların dediyi qeyri-qanuni işlərin indiki məktəb direktoru Tural müəllim tərəfindən yox, ibtidai siniflər üzrə direktor müavini tərəfindən görüldüyünü israr edərək, dediklərini yazmağımı tələb etdilər. Onların dediyi kimi izahatı yazmadığım üçün Nazim Bağırov üzərimə hücum çəkdi".

"Aktı öz istədikləri kimi yazdılar və qapını bağladılar..."

Nəzrin Əhmədova bildirib ki, ona məcburi şəkildə akta imza atdırılıb və onun işdən qovulacağı deyilib: "Aktı öz istədikləri kimi yazdılar və qapını bağlayıb akta qol çəkməsəm otağı tərk edə bilmərəm dedilər. Bakı Baş Təhsil İdarəsində bu yolla tərtib etdikləri aktı mənə məcburi imzalatdılar. Bütün bu addımlar daha əvvəl işdən çıxarılan Zeynəb Rzayevaya qarşı ifadə yazmadığı üçün təşkil olunub. Mən Allahımdan qorxuram, mən insanam və ən əsası həqiqətin nə olduğunu bildiyim üçün və Zeynəb Rzayevaya atılan böhtanların olduğunu uzun zamandır məktəbdə izləyirəm və müəllim heyyətindən bu şəxslərin necə məcburi izahatların alındığının şahidiyəm. Mən bu çirkaba əlimi bulaşdıra bilmərəm, insanlığımı itirib, vicdanımı ayaq altına atıb -iş üçün, pul üçün, yaltaqlıq üçün Zeynəb Rzayevanı yalandan ləkələyə bilməzdim".

220 saylı məktəb-liseyin direktoru: "Mənə aid olan ittihamlar əsassızdır"

Səsləndirilən ittihamla bağlı 220 saylı məktəb-liseyin direktoru Tural Mirzəliyevlə əlaqə saxladıq. T. Mirzəliyev hesab edir ki, Nəzrin Əhmədovanın ittihamlarının əksəriyyəti Bakı Şəhər Təhsil İdarəsinə aiddir, onlar aydınlıq gətirməlidirlər: "Biz tərəfdən onu deyə bilərəm ki, Nəzrin Əhmədova məktəbimizdə laborant deyil, texniki işçidir. Sadəcə öz vəzifəsini icra etməyib, 5 il ərzində qeyri-rəsmi olaraq laborant kimi fəaliyyət göstərib. Vaxtilə aldadılıb, laborant kimi işə götürülüb və özünün dediyinə görə mən gələndən sonra xəbəri olub ki, texniki işçi yox, laborant imiş".

"Bəli, Nəzrin Əhmədovadan izahat alanda mən də Bakı Şəhəri üzrə Təhsil İdarəsində olmuşam. Onun kimi məni də izahat üçün çağırmışdılar idarəyə. İzahatı yazmamaq vətəndaşın hüququdur və mən bildiyimə görə ilk növbədə - hamıya izah edilir ki, bizim suallarımız olacaq, izahat yaza bilərsiniz, əgər yazmaq istəmirsinizsə, bu da sizin hüququnuzdur, imtina da edə bilərsiniz. Yenə deyirəm, işin bu tərəfinə Bakı Şəhər üzrə Təhsil İdarəsi aydınlıq gətirsə, daha doğru olar. Mənə aid olan ittihamlarla bağlı bunu deyə bilərəm ki, 100 faiz əsassızdır. Məcburi izahat alınma olsaydı, elə ondan da məcburi izahat alınardı və yaxud məcburi nəyəsə qol çəkdirmək məsələsi olsaydı, elə ona da çəkdirilərdi. Müəllimənin biri də yazmışdı ki, guya nəyəsə imza atmağa məcbur ediblər. Məktəbimizdə keçirilən pedoqoji şuranın iclası videolentə alınıb. Səhnədə videokamera quraşdırılıb, hamı da görüb. Mətn oxunub, hamının xəbəri olub, məsələn, Nərmin xanım ora qol çəkməyib, yaxşı eləyib. Kim nə deyir, bu da onun mövqeyidir".

"Öz vəzifəsini icra etməkdən imtina edir, işə də gəlmir"

"Bəs Nəzrin Əhmədovanın ittihamlar səsləndirməkdə məqsədi nədir?" sualımıza direktor belə cavab verdi: "Nəzrin Əhmədova əslində işə texniki işçi kimi işə götürülüb. Hazırda tabeldə də, hər yerdə də texniki işçidir, amma laborant kimi işləmək arzusundadır. Mən ona izah eləmişəm ki, sən texniki işçisən. Onu işdən çıxarmıram, buyur, filan ərazini veririk sənə, oranın təmizliyi ilə məşğul ol. Bu da ondan imtina edir. İmtina etdiyi təqdirdə təbii ki, işdən çıxarılmalıdır, çünki öz vəzifə funksiyasını yerinə yetirmir. Bu boyda məktəbdə 20-dən artıq texniki işçidən yalnız Nəzirə Əhmədova çağırılıb izahata, niyə? Çünki bu xanım həmişə Zeynəb Rzayevanın yanında olub, qanunsuz olaraq dərs əvəzetmələri edib, qanunsuz olaraq pedaqoji prosesə müdaxilə edib, halbuki onun işi sırf təmizlikdən ibarətdir. Biz də laborant imtahanına kimi ona vaxt vermişdik ki, daxil olarsan lap yaxşı, olmazsan səni işdən çıxaracağıq. Olmadı və indi öz vəzifəsini icra etməkdən imtina edir, işə də gəlmir".

Nəzrin Əhmədova: "Məni Təhsil Nazirliyinə çağırıblar"

Direktor Tural Mirzəliyevin səsləndirdiyi fikirlərlə bağlı Nəzrin Əhmədovanın da mövqeyini öyrəndik: "Mən işə laborant kimi götürülmüşəm və laborant kimi də qeydiyyata alınmışam. Sonra dəyişilib ad, amma bundan mənim xəbərim olmayıb. Artıq mən 8 ildir o məktəbdə işləyirəm. Son vaxtlaradək laborant kimi işləmişəm. Hazırda səhhətimlə bağlı bülletendəyəm. Mən Bakı Şəhər Təhsil İdarəsinə də laborant kimi dəvət olunmuşam. Qeyri-rəsmi dərs əvəzetmələrinə gəlincə, bu, Tural müəllimin iddialarıdır. Bilirsiniz ki, Tural müəllim məktəbə 5 aydır gəlib. Ona görə də Tural müəllimin səsləndirdiyi iddialar özünün fantaziyalarıdır. Mən 8 ildir o məktəbdə laborant işləyirəm, xadimə deyiləm. Mənim 30 yaşım var, vermişəm şikayətlərimi, inşallah, hüquqi müstəvidə öz həllini tapacaq. Bilirsiniz, 2 insan arasında əgər münaqişə baş verirsə, hər iki tərəf bir-birini ittiham edir. Tural müəllim artıq mənim haqqımda bəzi işlər görməyə başlayıb, akt imzaladır məktəbdə mənimlə bağlı. Mənə artıq bu barədə məlumat çatıb. Amma bu onun öz iddialarıdır və həqiqətlər göz önündədir. Pedaqoji Şurada heç mənə deyən də olmayıb ki, gəl nəyəsə imza at. Məktəbdə baş verənlərlə bağlı izahatlar alınanda mənə müraciət edən olmayıb, deməyiblər gəl, harasa imza at. Mən Zeynəb xanımla bir yerdə olmamışam. Mən məktəbin laborantı olmuşam, sadəcə olaraq mənim oturduğum yer ibtidai korpusda olub. İbtidai korpusun da işlərini görmüşəm, öz işlərimi də. Məni Təhsil Nazirliyinə çağırıblar, ora gedəcəyəm. Nazirliyin "qaynar xətt"inə şikayət vermişik. Oradakı söhbətdən mənə aydın olacaq ki, onlar bu məsələyə baxırlar, ya yox. Əgər onlar bu məsələyə biganə yanaşsalar, o zaman artıq mən başqa orqanlara da müraciət edəcəyəm".

"Heç kimin haqqı yoxdur ki, bir insana bu boyda sarsıntı yaşatsın

"Nəzrin Əhmədova deyib ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsində yaşadıqlarımın sarsıntısını keçirir: "Səhhətimdə problemlər yaranıb. Heç kimin haqqı yoxdur ki, bir insana bu boyda sarsıntı yaşatsın. Mən onlardan heç bir şey tələb eləmirəm ki. Sadəcə olaraq məni Bakı Şəhəri üzrə Təhsil İdarəsinə çağırıb təzyiq etdilər... Bildiyiniz kimi, bir neçə aydır bizim məktəbdə direktorla zavuç arasında böyük bir münaqişə gedir. Direktor məktəbdən olmayan şeyləri yalandan aktlar tərtib edib və müəllimlərə imzaladıb. Tək laborant kimi Bakı Şəhəri üzrə Təhsil İdarəsinə mən çağırılmışam. Niyə? Onlar məni idarəyə çağırdılar və dedilər ki, izahat yaz. Mən də yazırdım izahatı, amma öz bildiyim kimi. Amma onlar israr edirdilər ki, mən bizim məktəbin direktor müavini Zeynəb Rzayeva haqqında cümlələr yazım. Tural Mirzəliyevin gördüyü işləri o yox, Zeynəb Rzayeva görübmüş kimi yaz deyirdilər. Olmayan şeyləri... Mənim üçün fərqi yoxdur, bu dəqiqə Zeynəb Rzayevanın yerində Tural Mirzəliyev olsaydı, yaxud bir başqası olsaydı - əgər bir insan bu işi görməyibsə, mən yalandan niyə durub onun haqqında yazım? Niyə yazmalıyam? Bəs mən Allahdan qorxmuram? İdarədə mənə suallar verilərkən orada bildirirdim ki, hər şeyi edən rəhbərlik olur. Direktor müavinidir, işçidir, bunlar hamısı vasitəçidir. Rəhbər əgər bir şeyə imza atırsa, bir şeyi təsdiq edirsə, işçi onu icra eləyir. İşçinin və ya direktor müavininin ixtiyarı yoxdur ki, rəhbərliyin icazəsi olmadan nə isə etsin. Orada onlara sual verdim ki, siz rəhbərsiniz, Daxili nəzarətin rəisisiniz, xəbəriniz olmadan hansısa bir işçi nə isə bir iş görə bilər? Durub üzümə baxırdılar. Dedim siz məndən tələb edirsiniz ki, yazım hər şeyi Zeynəb Rzayeva eləyib, etməyib axı. Onlar mənə o qədər təzyiq edirdilər ki, məcbur olub yazım. Amma mən pul üçün, alçaqlıq üçün o hərəkəti edə bilməzdim. İmtina edəndə, yazmayanda üstümə çox yükləndilər. Mən vərəqi 2 yerə cırdım, çox xırdalamadım. Əgər onlar elə ədalətlidirlərsə, izahatı yazmaqdan imtina etdimsə, deyəydilər çıx get. Yoxsa mənə təzyiq edib cırılmış vərəqi əlimdən almaq istəmələri nə dərəcədə doğrudur? Niyə alırdınız vərəqi mənim əlimdən? Mən hətta o həddə çatmışdım ki, az qalmışdım vərəqləri cırıb, udam. Başa düşə bilmirdim ki, bunlar burada neyləmək istəyirlər? Mənə qarşı dedikləri absurddur, mənim də sübut edəcək nəyimsə var, onlar da gəlsinlər mənə sübut eləsinlər".

Sonda onu da qeyd edək ki, səsləndirilən ittihamlarla bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinə sorğu göndərmişik, idarənin də mövqeyini saytımızda yayımlayacağıq.(yeniavaz.com)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!