1 Fevral, 2018
 Niyə Şahin Şıxlınski?

Heç kimə sirr deyil ki, diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının birliyi, həmrəyliyi məfhumları Heydər Əliyev ikinci dəfə siyasi hakimiyyətə gəldikdən sonra dövlət siyasətində xüsusi yer tutmağa başladı. Heydər Əliyev çox gözəl başa düşürdü ki, Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında, dövlət imicinin formalaşdırılmasında və beynəlxalq nüfuz məsələlərində yalnız rəsmi diplomatik üsullarla kifayətlənmək mümkün deyil.

O, xarici ölkələrə səfərlərində vətəndən kənarda yaşayan soydaşlarımızla görüşməyə, onların problemlərini şəxsən dinləməyə, diaspor və lobbiçilik işində hər cür dəstək verməyə başladı.

Elə Diasporla iş üzrə Dövlət Komitəsinin, Ümumrusiya Azərbaycanlıları Konqresinin, Avropada və dünyada fəaliyyət göstərən digər diaspor qurumları da bu zərurətdən yarandı.

Heydər Əliyevin siyasi varisi və davamçısı prezident İlham Əliyev də Dünya Azərbaycanlılarının son qurultayında diaspor rəhbərləri qarşısında növbəti qurultaya qədər bu tələbləri qoydu:

- Xaricdə yaşayan Azərbaycanlılar vətənləri ilə əlaqəni kəsməsinlər və daim bura ilə təmasda olsunlar;

– Xaricdəki azərbaycanlıla yaşadıqları ölkələrdə daha da böyük mövqelərə nail ola bilsinlər. O, ölkələrin ictimai, siyasi, iqtisadi həyatında daha da fəal rol oynasınlar;

- Xaricdə yaşayan azərbaycanlı iş adamları Azərbaycana sərmayə qoysunlar;

– Xaricdəki azərbaycanlılar bu səfirliklər, nümayəndəliklər diaspor təşkilatları ilə daim əlaqə saxlamalıdırlar...

İndi bir-iki sayt və qəzetlər prezidentin bütün bu tapşırıqlarına canla-başla riayət edən, dünyanın ən böyük dövlətində, Rusiyada Azərbaycanı ləyaqətlə təmsil edən diaspora lideri, iş adamı Şahin Şıxlinskini ləkələməklə məşğuldurlar. Amma deyəsən buna da nail olammırlar.

Adam nəinki Yekaterinburqun, nəinki Ural regionunun Rusiyanın tanınmış diaspora rəhbərlərindədir. Kalininqraddan tutmuş Vladivostoka qədər Rusiyanın hansı şəhərində çöldə qalsaz, adamın mobil telefonuna bircə zəng kifayətdir ki, köməyinizə gəlsin, dadnıza çatsın.

Adam Rusiyada və Azərbaycanda vətəni üçün nələr eləməyib?

Ölkə prezidentinin çağırışına uyğun olaraq illərdir Azərbaycanda bir sıra sahələrə investisiya qoyur. Bir qədər əvvəl Qazaxda İkinci Şıxlı kəndi ərazisindəki avtovağzalı alıb tamamən yenidən qurub. Yeni iş yerləri açılıb. Bu onun gördüyü işlərin adi biridir. Elə Rusiyanın özündə də onun iş gördüyü yerdə çalışanların böyük əksəriyyəti elə öz soydaşlarıdır.

Son 15 ildə 4 qubernatoru böyük nümayəndə heyəti ilə birgə Azərbaycana gətirib, neçə-neçə kontraktlar imzalanıb. Yekaterinburqda 2 federal telekanalda Azərbaycan haqqında həftədə 2 dəfə verilişi maliyyələşdirir. Rusiya ərazisində yalnız Yekaterinburqda rəsmi dövlət qeydiyyatına alınmış Azərbaycan məktəbi fəaliyyət göstərir. Açığı, heç Moskvada belə məktəb yoxdur.

Yekaterinburqda baş konsulluğumuzun açılmasına nail olub. Bunun üçün bütün səylərini əsirgəməyib. Heç kimə sirr deyil ki, Rusiyanın Ural dairəsi on minlərlə azərbaycanlıların yaşadığı bir bölgədir. Adi bir sənədləşmə üçün Moskvaya getmək isə böyük çətinliklər yaranırdı. Bu məsələ prezidentlə görüşdə qaldıqdan sonra ona müsbət yanaşıldı və Yekaterinburqda baş konsulluğumuz açıldı.

Bu hələ harasıdır? Məhz Şahin Şıxlinskinin təşəbbüsüylə Bakıdan Yekaterinburqa, oradansa Tümenə gedən qatar reysi açıldı. Rusiyada bəlkə Yekaterinburq yeganə şəhərdir ki, diaspora nəzdində hüquqi yardım mərkəzi açılıb. Oralara gələn bütün azərbaycanlı miqrantlar üçün iş icazəsinin, sənədlərinin qayda-qanunlara uyğun qeydiyyata alınması təşkil edilir.

Azərbaycanın elə bir tarixi günü yoxdur ki, Yekaterinburqda təntənəli surətdə qeyd edilməsin. Şəxsən tanıdığım üçün deyirəm, adamla 5 dəqiq rahat oturub söhbət eləmək mümkün deyil. Telefonları susmur, dayanmır. İşgüzar təkliflərdən tutmuş müxtəlif xahişlərə qədər, problemlərin həllinə köməyə qədər. Və bütün bunların fonunda adama ləkə atmağın adı nədir, bax, bu anlaşılmazdır. Həmin dırnaqarası yazıların altına yüzlərlə insan öz şərhini yazdı. Onu tanıyan və tanımayan adamlar bu cür dezinformasiyalardan hiddətləndiklərini açıq büruzə verirdilər. Barəsində yazılanlar onun nüfuzuna xələl gətirmədi, o məlumatın altında yazılan şərhlərdən də bunu görmək olur. Hətta onların çoxu hiddətlənərək rəsmi qurumlara müraciət etmək niyyətindədir:

- Bu şantajçıları cəzalandırın. Niyə məhz ən yaxşı oğullarımızı ləkələmək istəyirsiz? Niyə məhz Şahin Şıxlinski?

Amma sonda özünə qulaq asaq:

“Biz qərib ölkədə Azərbaycanı layiqincə təmsil edirik, burada iş qurub yüzlərlə insana iş yeri yaradırıq, əvəzində əsası olmayan ittihamlar eşitmək insanı ağrıdır”.

Əslində hamını ağrıdır...

Səbuhi Məmmədli

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!