27 Yanvar, 2018
Namiq Qurban yazır: Tükənən sevgi, qırılan həyat

Çarə axtarışında

Dünyanın ən gözəl yeri insan qəlbinin içidir. Çünki həyat burdan başlayır. İnsanın həyatını bir çaya bənzətsək, o çayın mənbəyi qəlbdə çağlayan bulaq, suyu isə eşqdir. Bu bulağın suyu bol olarsa, çay da gursulu,coşqulu və bərəkətli olacaq. Yox əgər  bulaq qurusa...

Dünyanın da, ölkəmizin də üzərində dolaşan bir kabus barədə yazmağa tərəddüd edirdim. Onsuz da  mətbuatımız şok xəbər başlıqları, sosial media isə sentimental paylaşımlarıyla məsələni o qədər tirajlayır ki, zəif  insanlarımızın təhtəlşüuruna bilmədən bu rəzil seçim barədə kifayət qədər cəsarətverici mesaj ötürmüş oluruq. Necə deyərlər, qaş düzəltdiyin yerdə gözü də vurub çıxaracağından ehtiyatlanırsan. Amma mən də boyutları günbəgün böyüyən dərdimizə biganə deyiləm, kömək niyyətliyəm və çarə axtarışındayam.

Hər gün azalırıq. Kimsə təbii artımı əks-arqument gətirməsin. Bir toplum özünü tanıyan  insanlarını itirməklə azalır, kiçilir. Az qala hər gün yanımızda həyata küskün neçə insanımız üsyan edir və özünü... Kabus gəncləri, yeniyetmələri də hədəfə alıb. Hazırda ən böyük problemimiz də budur. Ötən il 800-ə qədər insanımızı itirdik. Nəzərə alaq ki, statistika reallığı əks etdirmir. Qeydiyyata düşməyənlər də az deyil. Qurbanlar arasında 84 yaşlı ahıl da, 12 yaşlı uşaq da var.Gənclərin çoxluğunu isə ürək ağrısı ilə yazıram. Vəziyyət vəhim dərəcədə ağırdır! Hər rənginə min bir çalar qatdığımız, daş-divarını süslədiyimiz, inkişafı barədə  bəh-bəhli təriflər yağdırdığımız bu dünya qıvrılıb  övladlarımızın boynunda ölüm halqasına çevrilib. Ailə çətirinin altından kənara bir addım atmamış ölüm arzusu bütün həyat arzularını biçib məhv edir.

***

Dünyanın bütün başbilənləri çözüm axtarışında və təbii ki, həm də səbəb təftişindədirlər. Hətta tapdılar da. Adına depressiya dedilər. Amma bu, səbəbdən çox utancverici faciənin düz astanasıdır. Uçurumun lap kənarıdır. Problemin  bu mərhələdə həllinə çalışmaq müsbət nəticə verməyə də bilər. Ölümün caynağından can xilas etməkdənsə, ölüm kandarına aparan yolları bağlamaq lazımdır. Bu  yollar isə sayca çox və müxtəlifdir. Elə depressiyanın arxasında da uçurum yolunu hamarlayan zəncirvarı səbəblər bəs qədərdir. Sosial keçimsizlik, xəyanət, xəstəlik, borc, nakam sevgi, ayrılıq və çeşid-çeşid həyat problemləri. Bu cür səbəblər çözüm axtarışında  həmişə kafi ola bilməz. Hər 100000 nəfərə düşən intihar sayına görə ilk sırada sosial rifahın avanqard ölkələri-Norveç və ABŞ yer alır. “Üsyankar”lar arasında sosial təminatlılar, hətta zənginlər  heç də az deyil. Elmsizlik, cəhalət də çözüm üçün zəif səbəbdir. Çünki Avropada, Yaponiyada intiharçıların siyahısında alımlərin adlarına da rast gəlirik. Digər problemlərin də üzərində dayanmayacam. Məgər ağır borc sıxıntılarından  zaman və səylə qurtulub ifaha qovuşanlar azdırmı? Bəs  xəyanət və ayrılıqlardan sonra yeni sevgilərlə bəxtiyar olanları görmədikmi? Zatən dünya imtahan yurdudur və deməli, bu yolda çətinliklər hər birimizin rastına çıxacaq. Unutmayaq:  biz dünyanın zatını dəyişə və özümüzü ruzigarın sınaqlarından sığortalaya bilmərik. Lakin özümüzdə təpər tapıb həyat yoluna davam etməliyik.Dünyanın çətin sınaqlarını təkcə dinlər deyil, ədəbiyyat, təhsil və həyat təcrübələri də öyrədir insana. Böyüklərdən eşidirik, yan-yörəmizdə görürük. Kimin on barmağı da bu dünyada bala batıb ki?..

Subyektiv görünə bilər, amma mən  yuxarıda sadalananları törəmə səbəblər və ya haşiyə adlandırardım. Həyat tükənişinin əsl səbəbini dünyanın təbəddülatlarında yox, birbaşa insanın özündə axtarmaq lazımdır. Axı süqut edən insandır. Niyə başqalarının mücadilə edib çətinlikləri məğlub etdiyi həyat yolunda bir qism əksinə, məğlub olur və ... Axı həyat sinaq üçünheç kimi seçmir. Hamılıqla hədəfdəyik. Həm qınağı dünyaya ünvanlanmış səbəblərə istinad  faciənin kosmetik tədavisidir. Halbuki problem köklü həll olunmalıdır. Depressiyadan üzü arxaya bütün dünyəvi səbəblər yolunu qət edib sonda öz ruhumuzla rastlaşırıq. Yorğun, solğun və bezar. Bax, əsl  gerçək səbəb də ondadır. Onu tanıyaq, dinləməyə çalışaq və insanın süqutuna bir də “ruhda  məhəbbət qıtlığı” kimi  baxaq. Şərqdə deyirlər, hamı  ölür, amma hamı yaşamır.Yəni dirilik cisimdən çox ruhu səciyyələndirən haldır. Bəs necə edək ki, bizə verilən ömür payını yarımçıq qoymayaq, əsl dirilər kimi yaşayıb sona çatdıraq?

***

Ruh və cisim kimi iki tərkibli olmağımız yeni fikir deyil. Günümüzdə bu fikrin doğruluğunu isbat etmək balıqçıya dəniz suyunun duzlu olmağını sübut etmək qədər gülüncdür. İnsan doğuş və ölüm arasında fasiləsiz hərəkətdə olan varlıqdır. Bu, təkcə fiziki hərəkət deyil. Məsələn, oturduğumuz, yatdığımız zaman hərəkətdən kəsilərik. Amma ömrümüz, içində bulunduğu zamanın yedəyində yenə hərəkətdə olar. Zaman bizi sürətlə sabaha, ordan da son ünvana daşıyar. Deməli, insan üçün sükunət halı yoxdur. Davamlı və kəsilməz  hərəkət var.  Hərəkət olan yerdə isə mütləq enerji olmalıdır. Bu da aksiomadır. Maşın üçün bu enerjinı  yanacaq  təmin edir. Hətta insanı təşkil edən ən kiçik zərrə-hüceyrədə də mitoxondri kimi “qüvvə stansiyası” mövcuddur. Əks təqdirdə, hüceyrədə gedən minlərlə kimyəvi proseslər enerji qəhətindən süquta uğrayardı və insan dağılıb tələf olardı. Kainatın ixtiyari yerində  mikro, yaxud makro hərəkət varsa, mütləq onu reallaşdıran enerji də mövcuddur.

Yaradan bütün əflakı bu qanunauyğunluqla yaradıb. İnkarı mümkünsüz!

Deməli, insan üçün də enerji zərurəti mövcuddur. Həm  məxluqatın əşrəfinin hərəkəti kimi  istehlak etdiyi enerji də fərqlidir. Bədənimiz maddi, ruhumuz isə mənəvi enerji istehlak edir.Allah insan üçün bu işi çox asanlaşdırıb. Cisim də, ruh da insanla danışır sanki. Acanda yemək, yorulanda dinclik, çirklənəndə təmizlik istəyir bədənimiz. Bəsləməsən, yəni enerjisini kəssən tükənər və bizi də uzun yolda yarıda qoyar. İkinci tərkibimiz-ruh da belədir. Onu da“aclıq”  taqətdən salır, günahlar yaralayır. Darıxır,sıxılır, sızıldayır, ağrıyır. Əslində, bu ağrılar ruhun öz sahibinə duyurduğu tələbləridir. O, dərkolunmazdır. Onun da öz qidası var. Təmin edə bilirikmi? Ümumiyyətlə, ruhun qidasını tanıyırıqmı? Axı bəslənməsə, enerji təchizatı kəsilsə, tədricən qüdrəti tükənəcək və öz “vətən”inə tələsəcək. Sizi də tələsdirəcək. Ardınca insan üçün çox da uzun çəkməyən tənəzzül yolu başlar: depressiya və ...

***

İnsanın fitrəti məhəbbətlə yoğrulub və məhəbbəttələbdir. İnsan Allah sevgisinin şah əsəri, İlahi eşqin bəhəridir. Bu həqiqəti anlamaq üçün nə cildlərlə kitab oxumağa,nə də Nuh ömrü qədər yaşamağa gərək yox. Bir neçə dəlillə kifayətlənəcəm:

1.Xilqətimizdəki möhtəşəm nizam bu Eşqi tərənnüm edir. Necə bilirsiz, belə möhtəşəm nizamlı varlıq da könülsüz, biixtiyar  və sevgisiz yaradıla bilərmi? Əlbəttə ki, yox!

2. Quranın bəyan etdiyi kimi  insanı xəlq edəndən sonra Allahın Özünə əhsən deyib iftixar etməsi xilqətə qatdığı  böyük sevginin göstəricisidir.

3. Allah buyurur: Ey mənim bəndəm, hər şeyi sənin üçün, səni isə Özüm üçün yaratdım. Əsl aşiq məntiqi. Bu bir neçə sözdə Allahın bəndələrinə aşiqanə sevgisinin ətrini duymamaq mümkün deyil. Təsəvvür edirsinizmi, Yer, Günəş, kəhkəşanlı Göylər, yağan yağış, bitirən torpaq və daha nələr... Hamısı insanın şəninə yaradılıb.  Bəxş edənin sonsuz səxavəti sonsuz eşqinin dəlili deyilmi?

***

Məsələyə bir də insanmərkəzli müşahidə müstəvisində yanaşaq. İnsan  valideynlərin sevgisindən təkan alır. Ən böyük məhəbbət məbədi olan ana rəhmində təşəkkül tapır. Dünyaya gələn kimi  sevgi dolu ana qucağında bəslənir.İlk addımlarını atarkən belə valideyn əlindən tutur. Düşündükcə, heyran olursan. Məhəbbətlə başlanan vəhər anı məhəbbətlə müşayiət olunan insan həyatı. Allahın qayğısına, şəfqətinə bir bax. Məhəbbətlə xəlq etdiyi bəndəsini bu dünyada da məhrum etmir və ana-ata kimi təmənnasız, əvəzsiz sevgi çətirinin altında böyüdür.Zamanla içindəki məhəbbət də böyüyür, şaxələnir. Tədricən, bacı-qardaşa , oyuncaqlara, kitaba, dosta və s. ünvanlara bölüb paylayır sevgisini insan.Hələ əks cinsə məhəbbəti, övlada məhəbbəti demirəm. Bu sevgi pöhrələri  fitrətimizdəki məhəbbət xəzinəsini tanıtmazmı bizə?Bəs biz necə, tanıyırıqmı?

***

Nəhayət ki, mətləbimə yetişdim.

Məhəbbət insan ruhunun məğzi,mayası,qidası, enerjisidir.

Məhəbbət keşməkeşli həyat yollarında insana yürüməyə taqət, maneələri aşmağa güc verən qüdrətdir.

Məhəbbət ruh yaralarımızın məlhəmidir.

Məhəbbət həyatvericidir və ən gözəl həyat azuqəsidir.

Odur ki, ruhda məhəbbət tükənəndə insan da bitir, həyat da qırılır.

***

Bu gün  intiharla  mübarizə aparmaq kimi ciddi niyyəti olan bir cəmiyyət bütün kürsülərindən məhəbbəti tərənnüm etməlidir. Sinif otaqlarından tutmuş tələbə auditoriyalarına, məscid minbərlərindən televiziyaya qədər, hətta küçə, park, ictimai nəqliyyat kimi məkanları da təbliğ meydanına çevirməliyik. “İntihara yox!”, “Həyat yaşamağa dəyər!” kimi populist şüarlarla yox,  sevgiyə hə deməklə, yol açmaqla , həyatı isə sözün əsl mənasında sevilməyə layiq hala gətirməklə bu kabusu uzaqlaşdıra bilərik. Bu işdə ən vacib missiya isə ailələrin payına düşür.İnsan taleyinin təməli ailədə qoyulur. Əsas həyat azuqəsini- sevgi təchizatını da ailədə alır insan. Hətta bu tədarük bol olarsa,  insana bir ömür “yavan” həyat yollarında yürüməyə də bəs edər. Dünyanın bütün xoşbəxt insanları sevgi dolu ailələrdə böyümüşlər. Cəmiyyətdə məhəbbətin qamətini dikəltdikcə, kölgəsində qayğı, şəfqət, fədakarlıq, səmimiyyət, bağışlamaq, paylaşmaq, yardımlaşmaq və s. dəyərlər də  cücərəcək. Məhəbbət öz kölgəsində hamını rahatlıqla birləşdirəcək, inanın. Onun yaradacağı vəhdət  fəzasında isə ayrı-ayrı fərdlərin tənhalığına,təcrid olunmasına və özünə qapanmasına  son qoyulacaq. Həyat dirçələcək, ən böyük çətinliklər isə  “ellə gələn bəla toy-bayram olar” misalıtək əhəmiyyət verilməyəcək qədər kiçiləcək. Bu, hələ işin yarısıdır. Müdafiəsiz zəfər yoxdur və məhəbbətin qələbəsi üçün müdafiəsini də qurmalıyıq. Gərək onu gəmirən, qurudan, tələf edən  ictimai-siyasi intriqalar, siyasi-sosial qütbləşmələr,biganəlik,ədavət, korrupsiya, kin-küdurət, meşşanlıq, şər, böhtan kimi rəzalətlərin də kökünü kəsək.Göründüyü kimi, fərdlərə yoluxmuş faciədən hamılıqla genişəhatəli, çoxşaxəli və fundamental iş aparmaqla qurtula bilərik.

Necə düşünürsüz, bacara bilərikmi?

İstəsək, bir olsaq, səy etsək, əlbəttə ki, bəli.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!