26 Yanvar, 2018
Xuraman Vəfa: "Ağlama ANA" - ŞEİRLƏR

 

 

 

 

 

 

 

 

 

 

 

 

Sən ağlasan yerlər göylər ağlayar,

Belə için-için ağlama, ANA.

Şikayət eləyib taledaən, bəxtdən,

Başına qaranı bağlama, ANA.


Dağlar sənə qurban, çən sənə qurban,

Ağaran telimdə dən sənə qurban,

Ölüm qabağında, mən sənə qurban,

Sızlaya-sızlaya ağlama, ANA.


Dünya satın olsa, alaram sənə,

Qul, kölə ol desən, olaram sənə,

Könül taxtımda yer salaram sənə,

Dost-düşmən içində ağlama, ANA.


Dərdini söyləmə dərdə gülənə,

Dərdi Allah verir çəkə bilənə,

Qoy başımı qoyum dağlı sinənə,

Dərdinə qurbanam, ağlama, ANA


Kaş təbib olaydım, loğman olaydım,

Çarəsiz dərdinə çarə qılaydım,

Yarana əlimlə məlhəm qoyaydım,

Gücsüzəm qarşında, ağlama, ANA.


Dərd vurub qəlbinə naxışlarını,

Pərişan eləyib baxışlarını,

Tütyətək içərəm göz yaşlarını,

Amanın günüdür ağlama, ANA.

Başına qaranı bağlama, ANA.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!