22 Dekabr, 2017
Elxan Yunis mükafat aldı - TÜRKİYƏDƏ

GDDT-nın aktyoru, əməkdar artist Elxan Abbasov Türkiyənin Ankara şəhərində baş tutan Hak-iş Beynəlxalq Qısa Film festivalında "Ən yaxşı kişi aktyoru" nominasiyası üzrə birinci yerə layiq görülüb.

Hak-iş Beynəlxalq Qısa Film festivalı çərçivəsində 5404 filmin təqdimatı baş tutub. 11 kateqoriya üzrə mükafatlandırmada “Ən yaxşı film” nominasiyası üzrə birinci yerə gənc rejissor Amil Məmiyevin "Qara bağ" filmi və “Ən yaxşı kişi aktyoru” nominasiyası üzrə birinci yerə həmin filmin baş rol ifaçısı Elxan Abbasov qazanıb. Mükafatları Türkiyənin Mədəniyyət və Turizm Naziri Numan Kurtulmuş təqdim edib.

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınmış filmdə “Qara bağ” dilək ağacına bağlanan qara düyünlər mənasındadır və Azərbaycanın əzəli torpağı olan Qarabağla bağlı hadisələr onun vasitəsilə filmin ümumi kontekstinə köçürülür. Filmin quruluşçu rejissor və ssenari müəllifi Amil Məmiyev, quruluşçu operator Rauf Qurbanəliyev, quruluşçu rəssam Əziz Məmmədov, bədii rəhbər Cəmil Quliyev, icraçı prodüseri Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur.

Qeyd edək ki, Elxan Yunis oğlu Abbasov Gəncə Dövlət Dram Teatrının aktyorudur. Bir çox tamaşalarda, filmlərdə və seriallarda iştirak edən Elxan Yunis 2014-cü ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülüb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!