20 Dekabr, 2017
İnsanın klonlaşdırılması qanunla qadağan olunacaq - AZƏRBAYCANDA

Azərbaycanda insanın klonlaşdırılması məqsədilə reproduktiv hüceyrələrin və embrionun istifadəsi qadağan olunur. “Report”un xəbərinə görə, bu, yeni hazırlanan “Reproduktiv sağlamlığın qorunması haqqında” qanun layihəsinin 15-ci (Reproduktiv hüceyrələrin saxlanılması hüququ) maddəsində əksini tapıb.

Layihədə bildirilib ki, reproduktiv sağlamlığının itirilməsi təhlükəsi olan nikah yaşına çatan kişi və qadınlar reproduktiv hüceyrələrin saxlanılması hüququna malikdirlər. Reproduktiv hüceyrələrin və embrionun kriokonservasiyası, materialın dondurulması metodu, reproduktiv hüceyrə və embrionun saxlanması şəraiti və müddətləri, ər-arvadın boşanması, onlardan birinin ölməsi halında reproduktiv hüceyrələrin və embrionun istifadəsi və məhvi yazılı məlumatlandırılmış razılıq əsasında həyata keçirilir. Peşə fəaliyyətinin və ya hərbi mükəlləfiyyətin yerinə yetirilməsi ilə əlaqədar reproduktiv sağlamlığın itirilməsi təhlükəsi olduqda reproduktiv hüceyrələrin saxlanılması üzrə xidmətlər dövlət tibb müəssisələrində ödənişsiz həyata keçirilir. Reproduktiv hüceyrələrin kommersiya məqsədi ilə saxlanması və istifadəsi qadağandır. Tibbi müdaxilə zamanı çıxarılan cinsi vəzilər (onların hissəsi) yalnız pasiyentin razılığı olduqda saxlanıla və istifadə edilə bilər. Reproduktiv hüceyrələrin saxlanılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İnsanın klonlaşdırılması məqsədilə reproduktiv hüceyrələrin və embrionun istifadəsi qadağandır.

Layihə Milli Məclisin yaz sessiyasında müzakirəyə çıxarılacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!