3 İyun, 2011
ADİL ƏLİYEV: “BU, KİŞİ SÖHBƏTİ DEYİL”

Deputat qardaşı Məhərrəm Əliyevin müdafiəsinə qalxdı

İşgəncələr Əleyhinə Azərbaycan Komitəsinin sədri Elçin Behbudovun Bakı Şəhər Baş Polis İdarəsinin keçmiş rəisi, Məhərrəm Əliyev barəsində səsləndirdiyi sərt fikirlər ittiham ünvanlanan şəxsin qardşının acığına səbəb olub. 

Deputat Adil Əliyev “Yeni Müsavat” qəzetinə açıqlamasında E.Behbudovun yalan danışdığına işarı edib: “O deyib ki, filan şəxslərin, filan məmurların yanında ona işgəncə verilib. Əgər onun dedikləri həqiqətdirsə, qanunsuz olaraq polisə aparılması, işgəncəyə məruz qalması haqda vaxtında aidiyyəti orqanlara müraciət edərdi. Əgər Elçin Behbudov bununla bağlı vaxtında müraciət etməyibsə və üstündən 8-10 il ötəndən sonra bu məsələni gündəmə gətirirsə, bu kişiyə yaraşan hərəkət deyil”.

Komitə sədri açıqlamasında M.Əliyevin ona işgəncə verdirdiyini və bu səbəbdən də onun yenidən yüksək vəzifəyə gətirilməsinin əleyhinə olduğunu demişdi: “Məhərrəm Əliyev vurulmuş adamdı. 1995-96-cı illərdə Məhərrəm Əliyevin göstərişi ilə neçə-neçə təqsirləndirilən şəxs Bakı Şəhər Baş Polis İdarəsində işgəncəyə məruz qalıb. Onlardan biri işgəncələrə dözməyərək özünü idarənin 4-cü mərtəbəsindən ataraq intihar edib. Neçə nəfər işgəncələrdən şikəst olub. Şəxsən Məhərrəm Əliyevin göstərişi ilə mənim özümə işgəncə veriblər. O vaxt mənim özüm həbsdə idim. Məni onun otağına gətirdilər. Daxili işlər naziri Ramil Usubov da orda idi. Mən Məhərrəm Əliyevi Nizami rayonunda əməliyyat müvəkkili işlədiyi dövrdən tanıyırdım. Məhərrəm Əliyev məni gətirənlərə dedi ki, bunu döymüsünüz? Özünü elə apardı ki, guya məni tanımır. Dedi ki, aparın, döyün. Ramil Usubov onun bu sözlərinə etiraz etdi, dedi, yığışdırın işgəncə söhbətini. Buna baxmayaraq, məni aparıb döydülər”.

Anar

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!