7 Dekabr, 2017
Dəhşətli cinayətlə bağlı rəsmi açıqlama: "Ana və dörd övladının qalıqları çıxarılır"​​ - YENİLƏNİB - FOTO

Baş prokurorluq və Daxili İşlər Nazirliyi Salyanda atanın arvadını və dörd qızını 2014-cü ildə qətlə yetirərək yaşadıqları evin zirzəmisində oğlu ilə əlbir olaraq basdırması cinayəti barədə birgə məlumatla çıxış edib.

Salyan rayon sakini Mehparə Əliyeva və dörd övladının qəsdən öldürülərək yaşadıqları ünvanda basdırılmaları barədə rayon prokurorluğuna daxil olmuş məlumat əsasında dərhal prokurorluq, polis əməkdaşları məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə gedərək baxış keçirdikdə insan bədəninin hissələrinin basdırılması aşkar edilib. Hazırda insan bədəninin hissələrinin basdırılmış yerdən çıxarılma prosesləri aparılır.

Dərhal fakta görə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanmış, prokurorluq və polis əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

Həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində M.Əliyevanın əri Fərhad Əliyev və oğlu Fəqan Əliyev şübhəli şəxs qismində tutulublar.

Hazırda iş üzrə daxili işlər orqanları ilə əlaqəli şəkildə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.Hazırda hüquq mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Evin zirzəmisində basdırılan meyitlərin qalıqları çıxarılır...

Xatırladaq ki, ata-bala bu gün səhər saat 4 radələrində Salyan Rayon Polis Şöbəsinə gedərək törətdikləri cinayəti etiraf ediblər. Onlar həmin vaxt da sərxoş vəziyyətdə olublar.

***09:33

Salyanda 3 il əvvəl baş vermiş dəhşətli cinayətin üstü açılıb.

2014-cü ildə Salyan şəhərinin “Zavod “ məhəlləsində yaşayan Mehparə Nadir qızı Əliyeva dörd qızı - İradə, Rəqibə, Sevda və Ümidə ilə birlikdə itkin düşüb. Ailənin başçısı Fərhad Məhərrəm oğlu Əliyevin içki düşkünü olması ucbatından yaşanan münaqişələrə görə qadının qızlarını götürərək Türkiyəyə getdiyi ehtimal olunsa da, onların Fərhad Əliyev tərəfindən öldürülərək oğlu Fəqanın köməkliyi ilə həyətlərində basdırıldığı məlum olub.

Hadisənin açılmasına səbəb isə bu yaxınlarda Xoşqədəm Hidayətqızının “Səni axtarıram” verilişində onlarla bağlı süjetin göstərilməsi olub. Belə ki, ana və qızlarının Türkiyəyə getməsi ehtimalının ictimailəşdilməsini qeyrətsizlik kimi qəbul edən ata və oğul törətdikləri cinayəti etiraf ediblər.

Yaxın saatlarda cəsədlərin basdırıldığı yerdən eskumasiya ediləcəyi gözlənilir. Faktla bağlı Salyan Rayon Prokurorluğunda cinayət işi qaldırılıb, təxirəsalınmaz istintaq hərəkətləri davam etdirilir. Virtualaz.org

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!