18 May, 2017
Saad Gazal Odlar Yurdu Universitetində olub

İordaniya Haşimilər Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirinin müavini Saad Gazal Odlar Yurdu Universitetinin qonağı olub

Qonağı Odlar Yurdu Universitetinin rektoru professor Əhməd Vəliyev qəbul edərək onu universitetdə görməkdən məmnunluğunu bildirib. Rektor rəhbərlik etdiyi ali təhsil müəssisəsinin yaranma tarixi, tədris prosesi, fəaliyyət istiqamətləri və beynəlxalq əlaqələri haqqında səfirə dolğun məlumat verib. O, Odlar Yurdu Universitetinin tələbələrinin nəinki tədris, eyni zamanda universitetin sosial–ictimai həyatında da fəal olduqlarını bildirib və bunun rəhbərlik tərəfindən həmişə yüksək qiymətləndirildiyini vurğulaylb. Eyni zamanda Azərbaycan ilə İordaniya arasında ikitərəfli əlaqələrin yüksək səviyyədə olduğunu və uğurla inkişaf etdiyini qeyd edən rektor bu əlaqələrin təhsil sahəsinə də müsbət təsir etməsi arzusunu dilə gətirib. Rektor universitet, burda təhsil alan əcnəbi tələbələr barədə qonaqlara geniş məlumat verərək görüşün İslam Oyunları ərəfəsində baş tutmasının əhəmiyyətindən danışıb. Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyev İslam Həmrəyliyi Oyunlarının mahiyyətindən və bu oyunların islam ölkələrinin birliyinin göstəricisi olduğunu vurğulayıb.

Daha sonra qonağa Odlar Yurdu Universitetinin Fəxri Qonağı Diplomu təqdim olunub. Səmimi qəbula və qonaqpərvərliyə görə təşəkkür edən Saad Gazal Odlar Yurdu Universitetində olmaqdan məmnun olduğunu söyləyib. Səfir müavini Azərbaycan və İordaniya arasında olan dostluq əlaqələrinin tarixi köklərə söykəndiyini bildirərək bu əlaqələrin təhsil sahəsinin də inkişaf etməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.

Daha sonra tələbələr ilə görüş keçirilib. Səfir müavini tələbələrlə görüşünün onun üçün  böyük şərəf və qürurverici olduğunu deyərək, Azərbaycan və İordaniya xalqları  arasındakı  sıx dostluq münasibətlərindən danışıb. O, bu il Azərbaycanın İslam oyunlarına ev sahibliyi etməsinə diqqəti yönəldərək, bu tədbirin islam aləmində böyük əhəmiyyətə malik olduğuna və islam aləminin Azərbaycanın bu  təcrübəsindən yararlanacağına böyük ümid bəslədiyinə əminliyini ifadə edib.  Həmçinin Odlar Yurdu Universtetinin inkişafı, universitetin beynəlmiləlləşdirmə siyasəti və bu universitet  ilə  əməkdaşlıq maraqlarından danışıb. Daha sonra qonaq Odlar Yurdu Universiteti tələbələrinin İordaniya universitetləri ilə tələbə mübadiləsi və s. imkanlar barədə məlumat verib.

Tədbirin sonunda qonaq tələbələri maraqlandıran sualları cavablandırıb.

 

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!