2 İyun, 2011
Dayısı Abdulla Gülün uşaqlığından danışdı

Abdulla Satoğlu: “İndi necədirsə, uşaq vaxtı da elə idi”

Simsar.az -ın xəbər verdiyi kimi, Türkiyə prezidenti Abdulla Gülün dayısı, yazıçı-tədqiqatçı Abdulla Satoğlu Bakıda səfərdədir. O, APA-ya müsahibəsində Türkiyə prezidenti barəsində maraqlı fikirlər səsələndirib.

A.Satoğlu deyib ki, A.Gülə orta məktəbdə qəyyumluq da edib: “Həmin zamanlardan etibarən onun ədəbiyyata, mədəniyyətə, tarixə böyük marağı var idi. Bütün müəllimləri də Abdullanı bu uğurlarına görə məni təbrik etməyə gəlirdilər. Universitet illərində onun sadaladığım maraqlarını daha da genişləndirdi. Uşaqlığının sakit keçib-keçməməsinə gəlincə, indi necədirsə, uşaq vaxtı da elə idi. Çox sakit, şıltaqlıq etməyən uşaq idi. Ancaq onun haqqında “özünə qapalı uşaq idi” demək də düzgün olmazdı. Çox bacarıqlı bir şagird idi”.

Prezidentin dayısı bacısı oğlunun prezident ola biləcəyini heç düşünmədiklərini də dilə gətirib: “Abdulla universitet illərində Türkiyə Tələbələr Birliyinin üzvü idi, hətta rəhbərlikdə də təmsil olundu. Bir ara Nəcib Fazilin Fikir Klubunda da toplanırdılar. O illərdə siyasət tərəfə meyli hiss edilirdi. Amma onun prezident olacağı heç ağlımıza gəlməzdi”.

Anar

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!