18 Aprel, 2017
Hacı Şahin Həsənli: Azərbaycanda irfan ənənələri

Qədim Azərbaycan torpağı bir çox tarixi hadisələrin, o cümlədən dini inancların formalaşması və yayılmasının mərkəzi olub. Bu inanclar arasında xüsusi yer irfani baxışlara məxsusdur ki, bu da Azərbaycan xalqının müasir dini dünyagörüşünün formalaşmasında müstəsna rol oynayıb. Burada yayılmış dinlərin demək olar ki, hər birində irfani təməyyüllər gözəçarpacaq dərəcədə özünü büruzə verirdi. Orta Şərq ərazilərində geniş yayılmış zərdüştlük, mandaizm, manilik, zurvanilik, məzdəkilik kimi qnostik ayinlərin təsiri Azərbaycandan da yan keçməmişdi.

Azərbaycanlıların digər xalqlara nisbətdə tarixin az bir müddəini bütlərə sitayiş etmiş və monoteist ənənələr burada dərin köklərə malikdir. Məşhur britaniyalı şərqşünas Meri Boys ədalətli olaraq qeyd edir ki, dünya tarixinə məlum olan ilk və ən qədim vəhy dini zərdüştilik idi ki, dinin banisi sayılan Zərdüşt təkallahlığı təbliğ edib və bu dinin ikiallahlığa və ya atəşpərəstliyə çevirilməsi daha sonrakı əsrlərdə baş tutmuşdu. Bu dinin vətəni də məhz tarixi Azərbaycan torpaqları sayılmalıdır. Avestada öz əksini tapmış qnostik və mistik mətləblər müasir monoteist dinlərin hər birinə – yəhudiliyə, xristianlığa və o cümlədən İslama təsir etmişdi. Dünyaya Mehdi inancı, xeyirlə şərin mübarizəsi və xeyrin mütləq qələbəsi barədə təsəvvürləri konseptual şəkildə təqdim edən qədim din də məhz zərdüştlük idi. Həzrət İsanın (ə) zühurundan sonra həvarilərin Allah kəlamını yaymaq üçün seçdikləri ərazilərdən biri də Azərbaycan idi ki, burada həvarilər Bərtəmlus (Varfolomey), Tuma (Foma) və Tədavus (Faddey) təbliğlə məşğul idilər. Şərqin ilk mənəvi mərkəzlərindən biri ilk kilsələrdən birinin tikildiyi indiki Qarabağ ərazisində yerləşən Gis kəndi idi. Artıq erkən orta əsrlərdə Azərbaycandakı dini inanclar insanlarda təkallahlığın irfani müstəvidə qavranılması üçün münbit şərait yaratmışdı. Bu səbədəndir ki, erkən orta əsrlərdə tarixi Azərbaycan ərazilərində artıq dövlət ideologiyasının təminatçısına və quru ayinlərə çevirilmiş zərdüşdülük və xristianlıq mandeyizm, məzdəkilik və manilik kimi qnostik təriqətlərlə üz-üzə gəldi. Bu səbəbdən İslam Azərbaycanda zəif və quru zəmində deyil, möhkəm və ayıq fundament üzərində qurulurdu. Beləki, buranın əhalisi irfani ənənlərə malik olmaqla yanaşı, haqq və batil savaşı, zülmlə mübarizə, tolerantlıq kimi dəyərlərə sahib idilər.

İslamın gətirdiyi ilahi nur da bu müstəvidə qavranılırdı. Tarixi Azərbaycan ərazilərində “İslam qılıncla” yayıldı ifadəsi də yersizdir. Əslində, Azərbaycan xalqı İslama qədər son 500 ildə axtarışda idi. Müxtəlif təriqətlərin peyda olması, dinlərin sintezindən meydana çıxan yeni inacların formalaşması da bunun bariz nümunəsidir. İslam bu axtarışlara bir cavab verdi deyə, bu ərazilərin fəthi və islamlaşması asan baş tutdu. Lakin əhali arasında həqiqət axtarışı bununla bitmirdi. İslam daha dərindən, ilahi eşq yönündən öyrənilməyə başladı. Məhz bu axtarış sayəsində Azərbaycanda Əhli-Beytin (ə) irfan ənənələri ilə tanış oldular. İstinad nöqtəsi Əhi-Beyt (ə) mərifəti olan təsəvvüf və irfanın ölkəmizdə çiçəklənməsi bu axtarışların davam etdiyinin isbatıdır. Azərbaycan yeni ideyalara, yeni yanaşmalara açıq idi və fərqli din və məzhəblərin sülh içində yanaşı yaşaması məhz bu faktorla bağlı idi. Nəticədə, Azərbaycan İslam ədəbiyyatı, fəlsəfəsi və irfanının mərkəzinə, istehsalçısına çevirildi. X əsrdə Abbasi xilafətinin zəifləməsi və faktiki olaraq dağılması Azərbaycanda bir neçə müstəqil dövlətlərin yayılmasına rəvac verdi. Bu dövlətlər də xilafət zamanından fərqli olaraq insanlar dini inanclarına və etiqadlarına görə təqib edilməzdilər. Belə bir açıq mühitdə alimlərin, ariflərin, filosofların yetişməsi labüd idi. Odur ki, Azərbaycan vilayətləri İslam aləminin renessansına böyük töhfə vermiş və intibahdan da çox yararlanmışdı. Ölkədə müxtəlif sufi və irfani təriqətlər yayılırdı. Xalqın ariflərə qarşı olan hörməti də danılmazdır. Bu günə kimi Azərbaycan ərazisində XI-XIII əsrlərə aid pirlər mövcuddur və bu günə kimi həmin pirlər ziyarət edilir. Sührəverdinin, Səbzivarinin, Nəimi və Nəsiminin təlimləri böyük təsirə malik idi. Orta əsrlərdə Azərbaycanda xəlvətiyyə, bayramiyyə, hürufiyyə, kübrəviyyə, heydəriyyə, səfəviyyə, batiniyyə kimi sufi və irfani təriqətlər geniş vüsət tapdılar. Zöhd və ilahi eşq əhali tərəfindən mənimsənən ən böyük dəyərlər idi. Özü də bu dəyərlər həm elmi-fəlsəfi, həm ədəbi müstəvidə təbliğ olunurdu. Nəimi, Nəsimi, Xaqani, Nizami, Füzuli, Şəms Təbrizi və s. dahi şairlər, Xacə Nəsirəddin Tusi, Bəhmənyar, Biruni kimi alimlər bu dövrün və bu mühitin inciləri idi. Maraqlıdır ki, irfan şairləri kitablarına görə yox, məhz xalqın arasında yaşandıqlarına görə tanındılar. Əgər bu gün biz Nizamini tarixi bir şəxsiyyət kimi qəbul ediriksə, bu Nizami irfanının əsrlər boyu xalqın dilində yaşamasına görə idi. Bəllidir ki, Nizami barədə ilk yazılı məlumat ondan 100 il sonra Cami tərəfindən qələmə alınıb və bu mənbədəki məlumatlar zahirən fantastik və qeyri-real görsənirdi. Üstəlik Nizami təxəllüslü şairlərin çoxluğu, Nizamiyə məxsus əlyazmaların ondan bir necə əsr sonraya aid edilməsi və s. şərqşünasları bu insanın varlığına inadırmırdı. Məhs xalq içində Nizamiyə olan rəğbət şərqşünasları daha dərin təhqiqatlara vadar etdi. Nəticədə Nizaminin şəxsiyyəti təsdiqləndi və əziyyətlə də olsa onun bioqrafiyasına işıq salındı. Biz bunu bir çox irfan şairləri barədə deyə bilərik. Lakin bu bir misalda əsas diqqəti xalqın irfana verdiyi dəyərə yönəltmək istədik.

Siyasi cəhətdən də biz irfani dünyagörüşə verilən üstünlüklərin şahidi oluruq. Və bu yalnız arif insanların dövlət işlərinə cəlb edilməsi və hökmdarların onlara hörmət bəsləməsi ilə məhdudlaşmırdı. Məsələn, hürufiliyin Yaxın Şərqdə təqib edilməsinə rəğmən Şirvanda geniş vüsət tapması, Şirvanda olan münbit siyasi durumdan xəbər verir. Yaxud, sonrakı əsrlərdə Səfəvi dövlətinin ilk hökmdarlarına “şah” yox, məhz “mürşid” deyə müraciət olunması, irfani baxışların siyasətə necə sirayət etməsindən xəbər verir. Bir qədər keçmişə dönsək görərik ki, monqol işğalları zamanı Azərbaycanda dini kimliyin qorunmasında sufi və irfani təriqətlərin müstəsna rolu olmuşdur. Bildiyiniz kimi, monqollar zamanı əhali arasında bütpərəstliyin yayılmasına böyük səylər göstərilirdi. Lakin Hacə Nəsirəddin kimi arif bir alimin vəzirlik məqamına yetişməsi durumu dəyişdirdi. O, monqolların anti-İslam siyasəti fonunda məhz təriqətlərə dəstək verərək əhalinim islami kimliyini qoruya bildi. Təsadüfi deyil ki, sonralar elxanilər İslamı qəbul edən ilk monqol sülaləsi oldu. Yaxud digər bir misal: Səfəviyyə təriqətinin banisi Şeyx Səfiyəddin Ərdəbildə məskunlaşıb monqol zülmünə qarşı mübarizə aparırdı və bu mübarizə nəticəsində təriqət məhşurluq qazanmış və sonrakı illərdə Ərdəbilin idarəçiliyi onlara həvalə edilmişdi. Bir sözlə monqolların mənəvi işğalının qarşısını alan, üstəlik monqolları müsəlman edən, nəticə etibarı ilə də İslamı qoruyan məhz irfani ənənələr oldu.

Maraqlıdır ki, bir çox qədim adətlərin qorunması və günümüzə qədər gəlib çıxması da məhz irfanla bağlıdır. Bu gün Azərbaycan nadir müsəlman xalqlardandır ki, İslamaqədərki adətlərini qoruyub yaxud əvvəlində şəriətə uyğun olmayan adətləri transformasiya etdirə bilib. Ən bariz nümunə Novruz bayramıdır ki, günümüzə kimi bir adət olaraq qorunub və üstəlik İslama aid olmayan bu bayram xalqımız üçün ən ağır dövrdə – sovetlər dönəmində müsəlmançılığın ifadəsi olaraq qeyd olunurdu. Bu yeganə bayram idi ki, sovet mədəniyyəti ona təsir edə bilmədi və onunla hesablaşmalı oldu. Bu bayramda süfrələrə yalnız şəriətə uyğun yeməklər qoyular, bayram şəriətə uyğun keçirilərdi. Hicaba qadağa olan illərdə Novruzun rəmzi məhz örpəkli qadın idi. Yaxud digər bir misal. Əməvi xilafəti dönəmində meyxana və eyş-işrət məclislərində musiqi ilə ifa olunan qəzəllər, sonralar Azərbaycanda mənəvi dəyərlərin yaşadılması üçün istifadə olunurdu. Qəzəl ariflərin şer üsuluna, muğam isə dini mərasimlərdəki təziyyənin avazına çevirildi. Hətta maraqlıdır ki, Rus işğalı zamanı Azərbaycanda əhalinin spirtli içkilərə qurşadılması üçün təsis edilən meyxanalarda qeyri-ixtiyari olaraq muğam əsasında irfan şerləri oxunurdu. Çünki, başqa qəzəllər mövcud da deyildi. Vaxtı ilə dərvişlərin təbliğ üsulu olan aşıq sənəti bu gün də Azərbaycanda populyardır. Muğam sənətinə gəlincə də, bu musiqinin ahəngində olan dərin mənalara diqqət yetirmək istərdik. Muğam asta ahənglə başlayır ortada zil səslə ifa olunur və sonra yenidən susqunluq musiqisi ilə bitir. Bu ardıcıllıq da əcdadımız tərəfindən təsadüfi seçilməyib, yaxud sadəcə zövq oxşamaq üçün deyil. Bu harmoniya, əslində, həyat fəlsəfəsinin ahəngidir. Əvvəldəki həzinlik insanın mütləq bir aləmindən gəlməsinin, ortadakı canlanma müvəqqəti dünya məşəqqətinin, sondakı aramlıq da əbədiyyata qovuşmanın rəmzidir. Muğamın əsas məqsədi insanı səslər vasitəsilə daxilinə yönəltmək, özünü göstərməkdir. Ənənəvi çalğı alətləri triosu da təsadüfi seçim deyil. Hələ qədim sufilər deyərdilər ki, dəf – aşiqin məşuq yolundakı təlatüm və çalışmalarını, tar – məşuqun aşiqə cavabını, kamança da aşiqlə məşuqun qovuşmasını tərənnüm edir. İrfan klassik Azərbaycan mədəniyyətinin hər bir sahəsinə təsir edib və onunla bir simbioz təşkil edir. Xalçaçılıqdakı toxuculuq üsulu və naxışlar, miniatür rəssamlıqdakı rəng və süjet, xəttatlıq sənətində xətt seçimi, bir sirrlə əhatə olunmuş oyuna bənzəyir. Nizami bu fəlsəfəyə “İsgəndərnamə”də işarə edərək yazır: dünya nəqqaşsız naxış deyil. Yəni sənət adamları oz naxışlarını Yaradılışın ahənginə qatır, gözəl və mürəkkəb formalar vasitəsilə insanı sadə mahiyyətə, Yaradanla vəhdətə yönəldirdilər. Hər yerdə və hər anda gözəlliklər arxasında gizlənmiş gözəlliyin mənbəyi, mütləq gözəllik olan Allah gizlənir. Bu baxımdan, mədəniyyətimizdə dərin kök salmış irfan ən çətin dönəmlərdə, ən ağır şəraitdə xalqımıza kim olduğunu xatırladırdı.

Dinə irfan prizmasından olan yanaşma Azərbaycan möhkəm tolerantlıq mühiti formalaşdırmışdı. Siyasi hakimlərin və onların himayə etdiyi dini təriqətlərin tez-tez dəyişməsinə rəğmən Azərbaycan xalqı öz dini və mədəni irsinə sahib çıxdı və bütün müqəddəsatları qoruya bildi. Seyyid Yəhya Bakuvinin yetişməsi, Şirvanşahlar sarayında böyük rütbəyə malik olması, burada yazıb-yaratması, daha sonra isə əsrlər boyu Bakının ürəyində yerləşən Şirvanşahlar sarayındakı məqbərəsinin xalq tərəfindən qorunması bunun bariz nümunəsidir. Seyyid Yəhyanın şəxsiyyəti xalqın dünyagörüşünün və dini mühitin bir nəticəsi idi ki, onun əsərlərində biz bunu müşahidə edə bilərik.

Çağdaş dövrdə də Azərbaycanda irfan ənənələrinin bərpasına rast gəlinir. Son illərdə nəşr olunan ədəbiyyat məhz irfani-fəlsəfi mövzulardadır. Elmi təhqiqatların böyük hissəsi irfan ənənəsinin araşdırılmasına yönəlib. İnsanlarla da ünsiyyətimiz zamanı ilahi mərifət və eşq mövzularına olan rəğbəti görürük. Sevindirici haldır ki, dindarlar arasında quru ehkamçılılardan daha çox ilahi əmrlərin arxasında gizlənən ilahi eşq axtarışı yayılıb. Çünki günümüzün ən ağrılı problemi olan radikallıq və dözümsüzlük müqabilində özünü sipər edən həyatverici qüvvə məhz irfani dünyagörüşüdür.(hacıshahin.az)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!