11 Aprel, 2017
Saxlanılan şəxs polis zabitinin silahını alıb özünü güllələdi

Ötən gecə Lənkəran Şəhər Polis İdarəsində özünü güllələyərək öldürən şəxsin kimliyi müəyyənləşib.

Lent.az-ın əldə etdiyi məlumata görə, polisin xidməti silahı ilə özünü güllələyərək öldürən şəxs Xolmili kənd sakini, 1977-ci il təvəllüdlü Hüseynov Fail Xudaverdi oğlu olub. Məlum olub ki, o, polis kapitanı Fuad Nurullayevə məxsus xidməti tapançadan açılan atəş nəticəsində ölüb.

Lənkərandakı xəstəxanalardan sayta bildirilib ki, gecə saatlarında onlara hər hansı polis əməkdaşı xəsarətlə müraciət etməyib.

*   *   *09:55

Lənkəran Rayon Polis Şöbəsinin müvəqqəti saxlama kamerasında intihar hadisəsi baş verib.

"Report"un verdiyi xəbərə görə, soyğunçuluq məqsədilə evə basqın edərək ona ölümlə nəticələnən xəsarət yetirməkdə şübhəli bilinərək saxlanılan şəxs Lənkəran Şəhər Rayon Polis Şöbəsinin müvəqqəti saxlama kamerasında özünü öldürüb.

İlkin məlumata görə, adı hələlik açıqlanmayan şübhəli polis gözətçisinə xəsarət yetirərək onun silahı ilə özünü vurub. İntihar edənin rayonun Xolmili kənd sakini olduğu söylənilir.

Qeyd edək ki, evə basqın hadisəsi martın 18-də, Xolmili kəndində baş verib. Belə ki, evə basqın edən şəxs və ya şəxslər 67 yaşlı kənd sakini Səfərov Vahab Xalıq oğluna baş nahiyəsindən ağır xəsarət yetiriblər. Ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılan yaralıya açıq kəllə-beyin travması diaqnozu qoyulub və o, vəziyyəti ağır olduğundan Bakıya göndərilib. Lakin V.Səfərov bir neçə gün sonra dünyasını dəyişib. O, uzun illər kənd ambulatoriyasının müdiri vəzifəsində işləyib.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!