1 İyun, 2011
2 aprel dustaqları daha iki ay həbsdə qalacaqlar

5 müxalifətçiyə yenə hökm çıxarıldı

Müsavat Partiyası Gənclər Təşkilatının sədr müavini, İctimai Palatanın üzvü Əhəd Məmmədli haqqında seçilmiş həbs-qətimkan tədbirinin müddəti daha iki ay uzadılıb. 

Bu barədə Simsar.az-a vəkil Yalçın İmanov məlumat verib. O bildirib ki, iyunun 1-də Səbayel Rayon Məhkəməsində keçirilən iclasda hakim heç bir əsas gətirmədən Ə.Məmmədli haqqında həbs-qətimkan tədbirinin vaxtını daha iki ay uzadıb. Vəkil deyib ki, Səbayel rayon Məhkəməsinin qərarından apelyasiya şikayəti verəcəklər. 

Qeyd edək ki, Əhəd Məmmədli Cinayət Məcəlləsinin 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.1-ci maddəsi (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham edilir. 2 aprel mitinqi ilə bağlı qaldırılmış cinayət işi çərçivəsində onun haqqında iki aylıq həbs-qətimkan tədbiri seçilmişdi. İlk həbs-qətimkan tədbirinin müddəti iyun ayının 9-da bitirdi.

Bu gün 2 aprel aksiyası ilə bağlı qaldırılmış cinayət işi çərçivəsində haqlarında həbs-qətimkan tədbiri seçilmiş şəxslərdən daha 4 nəfərin həbs müddəti uzadılıb.

Bu barədə Lent.az-a vəkil Əsabəli Mustafayev məlumat verib. O bildirib ki, Səbayel rayon Məhkəməsi bitərəf Ülvi Quliyev, AXCP üzvləri Sahib Kərimov və Babək Həsənov, Müsavat üzvü Elşən Həsənovun haqqında seçilmiş həbs-qətimkan tədbirlərinin müddətini daha iki ay artırıb.

Qeyd edək ki, Babək Həsənov və Elşən Həsənov Cinayət Məcəlləsinin 233-cü maddəsi ilə (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) ittiham olunurlar. Sahib Kərimova qarşı isə 233 və 186.1-ci maddələri ilə (Özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) ittiham irəli sürülüb.

Xatırladaq ki, bu gün eyni zamanda Müsavat Partiyası Gənclər Təşkilatının sədr müavini Əhəd Məmmədlinin də həbs-qətimkan tədbirinin müddəti artırılıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!