29 Mart, 2017
Magistratura və rezidenturaya sənəd verənlərin sayı məlum oldu

Bu il Azərbaycanın ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura və rezidentura pillələrinə sənəd verənlərin sayı açıqlanıb. Dövlət İmtahan Mərkəzindən Simsar.az-a verilən xəbərə görə, magistraturaya 13073 nəfər ərizəsini təsdiq edib ki, onlardan 11809-u Azərbaycan, 1264-ü isə Rus bölməsinin məzunlarıdır.

Rezidenturaya isə 1075 nəfər ərizə verib. Onlardan da 923-ü Azərbaycan, 152-i Rus bölməsinin məzunlarıdır.

Qeyd edək ki, 2017/2018-ci tədris ilində Azərbaycanda ali tibb təhsili əsasında həkim mütəxəssislərin hazırlanması məqsədi ilə rezidenturaya, ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura pillələrinə elektron ərizə qəbulu 10-28 mart tarixlərində aparılıb. Magistratura imtahanın birinci mərhələsi aprelin 9-da, ikinci mərhələsi iyunun 4-də, rezidentura üzrə baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı aprelin 9-da, ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı isə iyulun 5-də keçiriləcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!