1 İyun, 2011
1 iyunda İçərişəhərdə uşaqlar üçün muzeylərə giriş pulsuz olacaq

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Şirvanşahlar Sarayı Kompleksində “Xoşbəxt nəsil” adlı ədəbi-musiqili sərgi keçiriləcək. 

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən Simsar.az-a verilən məlumata görə, “Şirvanşahlar Sarayı Kompleksi”nin həyətlərində təşkil olunacaq sərgidə DA-ART təsviri incəsənət mərkəzinin üzvləri olan uşaqların çəkdikləri 200-ə yaxın müxtəlif mövzulu rəsm əsərləri nümayiş etdiriləcək.

Sərgi Azərbaycan Dövlət Uşaq Filarmoniyası, M.Maqomayev adına 26 nömrəli uşaq musiqi məktəbi, Bülbül adına orta ixtisas musiqi məktəbinin şagirdlərinin ifasında konsert proqramı ilə müşayiət olunacaq. Konsert zamanı bu qədim məkanda klassik əsərlər, xalq və caz musiqisi səslənəcək.

Qeyd edək ki, sabah “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində yerləşən Qız qalası, Şirvanşahlar sarayı, Sıratağlı dini-memarlıq kompleksləri və digər abidələrə və muzeylərə uşaqlar üçün giriş pulsuzdur.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!