31 May, 2011
"Gəncə" "Kəpəz" oldu

Gəncə Peşəkar Futbol Klubunun adı dəyişdirilir

Gəncə azarkeşlərinin çoxdankı arzusu reallaşıb. Gəncə Peşəkar Futbol Klubu növbəti mövsümdən Premyer Liqada “Kəpəz” adı ilə mübarizə aparacaq. “Gəncə”nin mətbuat xidmətindən Simsar.az-ın məlumata görə, bunu klubun prezidenti Elmir Əliyev bildirib. Onun sözlərinə görə, 2009-2010-cu il mövsümündə I diviziondan qızıl medallarla Premyer Liqaya vəsiqə qazandığı dövrdən yerli azarkeşlər komandanı “Kəpəz” adı ilə görmək istəyirdilər.

“Hətta oyunlarda belə, azarkeşlər komandanı “Kəpəz” deyə alqışlayırdılar. Dəfələrlə bizə yüksək liqada komandanı “Kəpəz” kimi görmək istədikləri barədə müraciətlər etmişdilər. Bunu nəzərə alaraq, mən “Kəpəz” klubunun prezidenti Musa Abdullayevlə görüşdüm və komandanın adının dəyişdirilməsi ideyasını söylədim. Müsa müəllim də bu fikri dəstəklədi. Bu təklif ətrafında klubun sponsoru ilə də müzakirələr aparıldı və son qərar belə oldu - Gəncə PFK bu mövsümdən “Kəpəz” adı ilə çıxış edəcək”, - Elmir Əliyev bildirib.

Klub prezidenti artıq lazımi sənədlərin hazırlanması üçün göstərişlərin verildiyini də bildirib.

“Bilirsiniz ki, bu, o qədər də asan bir proses deyil. Bütün sənədləşmə işləri yenidən aparılmalıdır. Bundan başqa, atributlar və formalar da yenilənəcək. Ümidvaram ki, qəbul etdiyimiz bu qərar qədim futbol ənənələrinə malik Gəncə azarkeşlərinin ürəyincə olacaq”, - o deyib.

Bu il I divizionda mübarizəyə başlayacaq şəhərin ikinci komandasının taleyinə isə klubun prezidenti Musa Abdullayev aydınlıq gətirib. Onun sözlərinə görə, Gəncə Regional Futbol Federasiyasının təşəbbüsü ilə şəhərin ikinci komandası olacaq və həmin komanda bu mövsüm I divizionda mübarizə aparacaq.

“Mən də şəhərimizin yüksək liqada mübarizə aparan komandasının adının dəyişdirilərək “Kəpəz” qoyulmasını çox müsbət qarşıladım. Hər bir azarkeş Gəncə futbol tarixində “Kəpəz”in qazandığı nailiyyətləri, uğurları yaxşı xatırlayır və sanki bu adı daimi olaraq qəlblərinə həkk ediblər. Kəpəz ucalıqdır, məğrurluqdur. Bu adla mübarizə apacaq komandamıza uğurlar arzulayıram”, - klub prezidenti deyib.

Musa Abdullayev rəhbərlik etdiyi komandanın yeni adı ilə bağlı da açıqlama verib. O bildirib ki, bu mövsüm Gəncə futbolunu I divizionda təmsil edəcək komanda “Tərəqqi” adlandırılacaq: ““Tərəqqi” adı da gəncəlilərə doğmadır və şəhərimizin futbol tarixinin bir hissəsidir. Bir vaxtlar Gəncə məhz bu adla futbol turnirlərində təmsil olunub. Biz hesab edirik ki, futbol azarkeşləri bu komandanı da sevəcək və yetərincə dəstəkləyəcəklər. Tərəqqi inkişaf deməkdir. İnanıram ki, bu komanda da Gəncə futbolunun irəli getməsinə bir təkan ola biləcək”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!