31 May, 2011
Sürücü, cəriməni tez ödə pul qazan

Yol polisindən endirim təklifi

Cəriməni tez ödə, 10 faiz irəli düş...

Milli Məclisin bugünkü iclasında “Yol Hərəkəti haqqında” qanuna dəyişikliklərin edilməsi müzakirə edilib.

Simsar.az-ın məlumatına görə, layihə haqqında məlumat verən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov bildirib ki, yeni dəyişikliklər sürücülərin işinin daha da sadələşməsinə gətirib çıxaracaq. Belə ki, dəyişikliklərə görə, qanun pozuntusu aşkarlanarsa, pozuntu barədə protokol dərhal sürücüyə təqdim edilməli, həmçinin, cərimənin məbləği protokolda göstərilməlidir. 

Eyni zamanda, sürücünün cəriməni plastik kartla ödəməsinə şərait yaradılacaq. Dəyişikliklərdə o da nəzərdə tutulub ki, inzibati cəzalara məruz qalmış sürücülər haqqında bütün məlumatlar internetdə yerləşdiriləcək.

Dəyişikliklərin sürücüləri ən çox sevindirəcək hissəsi isə ondan ibarətdir ki, inzibati cəzaya tuş gələn sürücülər cərimələrini protokol tərtib edildikdən sonrakı 3 iş günü ərzində ödəyəcəkləri halda, cərimə məbləğinin 10 faizi miqdarında güzəşt qazanacaq.

Dəyişikliklər barədə çıxış edən deputatlar bunun yol hərəkatı qaydalarını daha da asanlaşdıracağını, sürücülərin işini daha da yüngülləşdirəcəyini bildiriblər.

Deputat İqbal Ağazadə yol polislərinin müxtəlif maşınlara radar yerləşdirərək, sürücüləri cərimələməsinin qanunsuz olduğunu, bununla bağlı tədbir görülməli olduğunu vurğulayıb.

Digər deputatlar da çıxışlarında yol qaydaları ilə bağlı bir sıra məsələlərə, şəhərdə yaranan tıxacların aradan qaldırılması, avtobus sürücüləri və taksilərinin dayanacaqlarda dayanmaması və s. problemlərə toxunublar.

“Azəryolservis”in prezidenti, deputat Cavid Qurbanov çıxışında bildirib ki, gələcəkdə paytaxtda 76 yeni taksi dayanacağının istifadəyə verilməsi, həmçinin, intellektual nəzarət sisteminin tam şəkildə həyata keçiriləcəyini bildirib. Tıxacların yaranma səbəbinin şəhərdəki sıxlıq olduğunu əlavə edən C.Qurbanov yeni yeraltı keçid və yol ötürücülərinin istifadəyə verilməsindən sonra tıxacların da qismən aradan qaldırılacağını vurğulayıb. O, qanunun kifayət qədər yaxşı hazırlandığını qeyd edib.

Spiker Oqtay Əsədov bildirib ki, dəyişikliklər yol polislərinin işini daha asanlaşdıracaq və təkmilləşdirəcək.

Daha sonra dəyişikliklər səsverməyə çıxarılıb. Layihə səs çoxluğu ilə qəbul edilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!