2 Mart, 2017
Nassiri: "2 ölkə bir-birindən müəyyən şeylər öyrənə bilər"

Xəbır verdiyimiz kimi sabah Kikboksing Federasiyasının təşkilatçılığı ilə VIII Heydər Əliyev Kuboku keçiriləcək. Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan yarışda Azərbaycan və İran idmançıları döyüşəcəklər.

Bu münasibətlə ölkəmizdə olan WAKO ASIA-nın prezidenti Nasser Nassirinin və hər iki ölkənin kikboksinq federasiyalarının rəsmiləri, həmçinin komandalarının baş məşqçilərinin və idmançılarının iştirakı ilə mətbuat konfransı və çəki mərasimi təşkil olundu.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Kikboksinq Federasiyasının (AKF) vitse-prezidenti Güloğlan Cabbarov bildirdi ki, ənənəvi keçirilən yarış dünyanın müxtəlif ölkələrində də təşkil edilib. Nassiri isə Bakıda olmaqdan məmnunluğunu ifadə edərək, sabah keçiriləcək turnirin yüksək səviyyədə təşkil olunduğunu bildirdi.  “Hər 2 ölkə bir-birindən müəyyən şeylər öyrənə bilər. Sabahkı şounun çox maraqlı alınacağına da əminəm. Bəzi idmançılarımız özlərini qorumaq üçün ayaq qoruyucusu ilə döyüşəcək. Bu da onların gələn ay Asiya çempionatında iştirakı ilə bağlıdı”.

AKF-in digər vitse-prezidenti Səbuhi Rəcəb isə yarışın əhəmiyyətindən danışıb. O bildirib ki, belə yoxlama döyüşlərində əsas məqsəd 2 ölkə arasında dostluq münasibətlərini daha da möhkəmlətməkdi.

Çəki mərasimində Azərbaycan idmançısı Orxan Məlikovun çəkisinin artıq olduğu məlum oldu. O, sabah saat 11:00-a kimi çəkisini 1,6 kq azaltmasa texniki məğlubiyyət alacaq. Turnirdə hakimlik edəcək Şahin Koçak isə döyüşlərdə ədaləti ləyaqətlə qoruyacaqlarını deyib.

Qeyd edək ki, Boks Mərkəzində olacaq yarış sabah saat 18:00-da start götürəcək. Azərbaycan kikboksinqçilərindən lou-kikdə Elşən Qəniyev (63,5 kq) İraj Muradini, Ruslan Musayev (67 kq) Həmid Amnini, Rəhim Əliyev (71 kq) Əli Bani Əsədi və Alışan Aslanlı (75 kq) Seyid Əmirini sınağa çəkəcək.

K-1 döyüşçülərimizdən isə Ramal Aslanov (71 kq) Həmid Asli ilə, Ehtiram Rzayev (81 kq) Abufazil Qudarzi ilə və Orxan Məlikov (86 kq) Omid Nüsrəti ilə və üz-üzə gələcək.

Simsar.az

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!