28 Fevral, 2017
Bu gün Od Çərşənbəsidir

Bu gün xalq təqvimi ilə Boz ayın ikincisi çərşənbəsi – Od çərşənbəsidir. Od çərşənbəsi xalq arasında həm də “Üsgü çərşənbə”, “Adlı çərşənbə” kimi də adlandırılır. Bu çərşənbə qədim insanların Günəşə, oda olan müqəddəs inamından irəli gəlir. Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən tullanmaqla daxildə olan bütün çirkabı və azar-bezarları yandırırlar. Od çərşənbəsi yeni həyatın, baharın, istiliyin gəlişini simvolizə edir. Ənənəyə görə, Od çərşənbəsindən sonra bahara doğru daha da yaxınlaşmış oluruq, Günəş yavaş-yavaş torpağı qızdırır, isindirir.

Bu çərşənbədə odu təmizlik, sağlamlıq və gözəllik rəmzi kimi qeyd edirlər. Odla bağlı olan bir çox xalq deyimləri - inanclar, atalar sözləri, andlar, alqışlar bu günə kimi qalmaqdadır. Bu çərşənbə axşamında hər bir ailə çalışır ki, imkanı dərəcəsində evində istilik verən yeməklər bişirilsin, süfrə açılsın, xonça bəzənsin, şamlar yandırılsın. Şam istiliyin, odun, işığın qorunub saxlanması, səadətin rəmzidir. Ona görə də hər kəs od çərşənbəsini şad, şən və bolluq içində keçirməyə can atır.


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!