27 May, 2011
Azərbaycanlı general təqaüdə göndərildi

Ramil Usubov: "Ramiz Nağıyevin xidmətləri ölkə rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib"

Mayın 27-də Daxili İşlər Nazirliyində Polis Akademiyasının rəisi, polis general-mayoru Ramiz Nağıyevin daxili işlər orqanlarında xidmətkeçmənin son yaş həddi ilə əlaqədar təqaüdə yola salınma mərasimi keçirilib. 

DİN-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, kollegiya üzvlərinin və ayrı-ayrı xidmət rəislərinin iştirakı ilə keçirilmiş tədbirdə Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov hər bir əməkdaşa örnək olası, anda və xidməti borca sədaqətli xidmətinə görə polis general-mayoru R.Nağıyevə təşəkkürünü bildirib, onun fəaliyyətini yüksək qiymətləndirib.

General-polkovnik R.Usubov yüksək peşəkar, dövlətə və dövlətçiliyə hər zaman sadiq zabit kimi R.Nağıyevin xidmətlərinin ölkə və DİN rəhbərliyi tərəfindən yüksək qiymətləndirildiyini, onun polis general-mayoru kimi ali xüsusi rütbəyə layiq görüldüyünü, “Azərbaycan bayrağı” ordeni ilə təltif olunduğunu, çoxsaylı mükafatlar aldığını xatırladıb. O, əmin olduğunu bildirib ki, R.Nağıyev təqaüddə olan polis zabiti kimi bundan sonra da öz zəngin təcrübəsini, bilik və bacarığını gənc həmkarlarından əsirgəməyəcək, onların Vətənə məhəbbət, ulu öndərin ideallarına, anda və xidməti borca sədaqət ruhunda tərbiyə olunmasına layiqli töhfəsini verəcək.

R.Nağıyev haqqında deyilən xoş sözlərə, yüksək diqqət və qayğıya görə Kollegiya üzvlərinə və şəxsən daxili işlər nazirinə minnətdarlığını bildirib, həyatının böyük hissəsini şərəfli xidmətə həsr etdiyi polis orqanları ilə bundan sonra da sıx əlaqə saxlayacağını, təcrübəsini, bilik və bacarığını hər zaman gənc əməkdaşlarla bölüşməyə hazır olduğunu vurğulayıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!