27 May, 2011
ARDNŞ və AMEA arasında Memorandum imzalanıb

ARDNŞ-nin Elm Fondu neft və qaz sənayesi ilə bağlı ən yaxşı elmi-tədqiqatların mükafatlandıracaq, layihələrə qrantlar ayıracaq

Bu gün Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) baş ofisində “Azərbaycan Respublikası Dövlət Neft Şirkətində Elm Fondunun təsis edilməsi haqqında” Anlaşma Memorandumunun imzalanma mərasimi keçirilib. Simsar.az-ın ARDNŞ-in rəsmi saytına istinadən verdiyi məlumata görə mərasimdə çıxış edən ARDNŞ prezidenti Rövnəq Abdullayev deyib ki, Azərbaycan Respublikasında neft və qaz sənayesi ilə bağlı elmi tədqiqatların mövzu dairəsinin genişləndirilməsi, keyfiyyətinin yüksəldilməsi, aparılan araşdırmaların səmərəliliyinin artırılması kimi mühüm məqsədlər daşıyan “ARDNŞ-nin Elm Fondu” Azərbaycan neft-qaz elminin yeni mərhələyə qədəm qoymasına zəmin yaradacaq, neft kapitalının insan kapitalına çevrilməsinə, texniki elmlərin inkişafında gənc alimlərin rolunun daha da artırılmasına güclü stimul verəcək. 

Rövnəq Abdullayev qeyd edib ki, gənc elmi kadrların yetişdirilməsi, onların elmi araşdırmalarının dəstəklənməsi məsələlərini daim diqqət mərkəzində saxlayacaq ARDNŞ-nin Elm Fondu neft və qaz sənayesi ilə bağlı ən yaxşı elmi-tədqiqatların mükafatlandırılmasını, layihələrə qrantların ayrılmasını, savadlı gənclərin xarici ölkələrdə magistratura və doktoranturalarda təhsilinin maliyyələşdirilməsinı, kadrların ixtisasartırma kurslarında və treninqlərdə iştirakını, eləcə də ölkəmizdə konfrans və seminarların təşkilini həyata keçirəcək.

AMEA-nın prezidenti Mahmud Kərimov bildirib ki, yaradılan yeni Fond qarşısına qoyduğu vəzifələri uğurla yerinə yetirəcəyinə, eyni zamanda Azərbaycan neft-qaz sənayesi ilə bağlı elmin maddi-texniki bazasının müasir standartlar səviyyəsində yenidən qurulması işinə dəyərli töhfəsini verəcəyinə əmindir. Tədbirdə çıxış edən ARDNŞ-in birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə, AMEA-nın vitse-prezidenti Akif Əlizadə, akademiklər Vaqif Fərzəliyev, Nadir Seyidov, Arif İsmayılzadə son dövrlər ARDNŞ ilə Azərbaycan Milli Elmlər Akademiyası, o cümlədən AMEA-nın Geologiya, Aşqarlar Kimyası, Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri institutları arasında qurulmuş işgüzar münasibətlərdən danışıbLAR. ARDNŞ-in strukturunda elmi-tədqiqat və layihələndirmə işləri ilə məşğul olan “Neftqazelmitədqiqatlayihə” İnstitutu, Geofizika Elmi-Tədqiqat İnstitutu, Kimya Elmi-Tədqiqat Layihə İnstitutu və bir sıra elmi-layihə, konstruktor büroları, laboratoriyaların fəaliyyət göstərdiyi qeyd olunmuş, bu müəssisələrdə aparılan tədqiqat işləri müsbət qiymətləndirilib.

Sonda Rövnəq Abdullayev və Mahmud Kərimov Anlaşma Memorandumunu imzalayıblar.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!