3 Fevral, 2017
Nizami Kino Mərkəzi :“Üzüyü tapmaq üçün təhlükəsizlik kameralarına baxıldı….”

“Məncə, buna oğurluq demək olmaz, çünki həmin xanım mərkəzin sanitar qovşağına daxil olub, əllərini yuyub, üzüyü də kranın yanına qoyub çıxıb gedib. Filmi izləyib bir saatdan sonra gəlib ki, üzük yoxdur, söszüz ki, onu kimsə götürüb. Axtarış üçün biz onlara hər bir şəraiti yaratdıq”- Bunu Simsar.az-a açıqlamasında Nizami Kino Mərkəzinin mətbuat xidmətinin rəhbəri Arzu Əhədova adıçəkilən qurumda doqquz minlik üzüyün itməsinə münasibət bildirirərkən deyib. Mərkəzin sözçüsü vurğulayıb ki, bu məsələ ilə bağlı cavabdehlik daşımırlar:“Biz mərkəzin  təhlükəsizlik kameralarına baxdıq. Ayaqyolunda kamera yoxdur, amma dəhlizdə var. O xanımdan sonra ayaqyoluna bəlkə 50 nəfər gedib. Ona da biz cavabdehlik daşıya bilmərik. Kameraları açdıq ki, ən azı bilək, öz əməkdaşlarımız daxil olub, yoxsa  tamaşaçı. Üzük itəndə 9 min söhbəti yox idi, xanım dedi ki, nişan üzüyüdür. Nişanlısı da yanında idi. Biz nə bilərik ki, o 50 nəfərdən üzüyü kim götürüb, bunu aidiyyatı qurumlar araşdıracaq”- deyə A.Əhədova qeyd edib.

Məlumat üçün bildirək ki, Bakının Nəsimi rayonunda yerləşən Nizami Kino Mərkəzində film izləməyə gələn qadının 9000 manatlıq brilyant üzüyü oğurlanıb. Bu barədə Nəsimi Rayon Polis İdarəsinə (RPİ) ərizə ilə müraciət edən zərərçəkən özü məlumat verib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!