27 Yanvar, 2017
Hacı Şahin Həsənli: "Dəyanət Rzayevin intiharı digər psixoloqlara inamı azaltmamalıdır"

"İnanclı insanın inamı, inancı güclü olarsa, intihar etməz. Çünki intiharı doğuran səbəb ümidsizlikdir. Inanclı insan isə istənilən situasiyada belə ümidsüzlüyə qapılmamalıdır". Bu sözləri Simsar.az -ın intiharlarla bağlı suallarını cavablandırarkən ilahiyyatçı alim Hacı Şahin Həsənli deyib. Müsahibimizin fikrincə Allaha söykənən adam həyatda ən çıxılmaz hallarda belə öz müvazinətini itirmir. Əksinə çalışır ki, özu vəziyyətdən çıxsın. "Quranda da bu qeyd olunur ki, biz insanı çətinlikdə yaratdıq. Çətinliklər Allahın insana hədiyyəsidir. Insan çətinliklər zamanı daxilində olan istedadları üzə çıxarır, mənəvi baxımdan kamilləşir. Ona görə də həyatda düzgün baxışı olan,  həyatın fəlsəfəsini anlayan insan intihara əl atmır. İntihar bir növ zəiflik əlamətidir".

Statistik məlumatlar göstərir ki, son zamanlar intihar halları daha çox yeniyetmə və gənclər arasında çoxalıb. Müsahibimiz düşünür ki, buna səbəb yeniyetmələrin düzgün tərbiyə olunmaması, ailədə uşaqlara həyat haqqında düzgün tərbiyənin aşılanmamasıdır. "Ümumiyyətlə, uşaqlar naz-nemət  içində böyüyəndə, çox bəslənəndə, həyatın çətinliklərini görən zaman isə ümüdsüzlüyə qapanırlar.  Tədqiqatlar göstərir ki, intiharların əsas səbəbi sosial problemlər deyil. Yəni daha çox mənəvi, psixoloji səbəblərdir. Ona görə də düşünürəm ki gənclərin intihara əl atması, həyat haqqında düzgün təssəvvürə malik olmamaqlarından xəbər verir.

Əlbəttə ki intihat edən zaman insanın psixi durumu normal halda olmur. Və o halda din də insana güzəşt edir. Əgər doğrudan da insan intihar edən zaman əqli durumu normal vəziyətdə olmayıbsa, o anda intihar edirsə, güzəşt edilir. İnsan  şüurlu şəkildə intihara gedirsə, çətinliklərə dözmürsə, bu insanın zəifliyinin əlamətidir. Biz əlbəttə ki, insanı ittiham etmirik. Sadəcə səbəblərini deyirik ki,  insan hansı məqsədlə yarandığını başa düşərsə  və həyatın sınaqdan ibarət olduğunu anlayarsa, o zaman Allaha arxalanar və özünü itirməz. Belə olan halda özünüə,  gucunə söykənərək problemlərdən çıxış yolu tapa bilər".

Müsahibimizin fikrincə ölkənin tanınmış psixoloqlarından biri - Dəyanət Rzayevin intiharı digər psixoloqlara inamı azaltmamalıdır. "Bir psixoloqun intihar etməsilə bütün psixoloqları sual altına almaq olmaz. Psixoloq da insandır,  onun da hansısa probelmləri ola bilər. Bunu birbaşa peşəsi ilə əlaqələndirmək olmaz. Psixoloqlar insanların çətin vəziyyətdən çıxmasına kömək edir. Yenə də çətin durumda alimlərə,  mütəxəssislərə müraciət etməlidirlər. Eyni zamanda depressiyadan,  ümidsuzlikdən çıxış yolu Allaha inam və Ona arxalanmaqdır. Insan həyatı,  onun qaydalarını tanıyarsa , onu idarə edən ali bir varlığın olduğuna inamı olarsa,  bu zaman istənilən çətinlik zamanı zəiflik göstərməz".

İradə Nurəddinqızı

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!