27 Yanvar, 2017
"TRT 1" -in Azərbaycanda yayımının bərpası üçün MTRŞ-ya müraciət olunacaq

Türkiyənin "TRT 1" televiziyasının Azərbaycanda yayımının bərpasına icazə verilməsi üçün Milli Televiziya və Radio Şurasına (MTRŞ) müraciət olunacaq. Bu barədə "Report"a "TRT 1"in Azərbaycanda yayımı ilə bağlı texniki məsələlərə nəzarəti həyata keçirən Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı nümayəndəliyindən məlumat verilib. Agentlikdən bildirilib ki, MTRŞ telekanalın Azərbaycan ərazisində yayımı üçün yeni lisenziya verməlidir.

Məlumata görə, artıq TİKA-nın Ankaradakı Baş İdarəsi "TRT 1"in Azərbaycan ərazsində rəqəmli yayımının həyata keçirilməsi üçün lazımi sənədləri təsdiqləyib və bu barədə Bakı nümayəndəliyinə məlumat verib.

Qeyd edək ki, TİKA-nın Bakı nümayəndəliyi də müqavilə ilə bağlı texniki işləri yekunlaşdırdıqdan, MTRŞ-dan televiziyanın rəqəmli yayımı üçün lisenziya alındıqdan sonra TİKA ilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Radio Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyi (Teleradio İB) arasında yayımın bərpası üçün müqavilə imzalanacaq.

Xatırladaq ki, "TRT 1"in Azərbaycan ərazisində yayımı ölkədə analoq televiziya yayımına son verilməsindən sonra dayandırılıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!