27 Yanvar, 2017
PORTRET - Məlik Dadaşov

Məlik Yusif oğlu Dadaşov 1924-cü il iyun ayının 27-də Bakıda anadan olub. 174 saylı orta və A.Zeynallı adına musiqi məktəbində təhsil alıb. Məktəbi bitirdikdən sonra təhsilini davam etdirmək məqsədilə Moskva Konservatoriyasına daхil olmaq istəsə də, müharibənin başlaması bu arzunu gözündə qoyur. O da müharibəyə, odun-alovun içinə yollanır. Müharibədə zədə alan aktyor 1943-cü ildə müalicəsini başa çatdıraraq, ayrı-ayrı hərbi hissələrdə musiqiçi kimi хidmət göstərir. 1945-ci ildə Məhərrəm Haşımovun təşəbbüsü ilə Gənc Tamaşaçılar Teatrında fəaliyyətə başlayır. Bir müddətdən sonra Zaqatalada Dövlət Teatrı açılır. Məlik Dadaşov bu teatra göndərilir. 1946-cı ilin mayında isə Şəmkir rayon teatrına göndərilir. Burada bir il işlədikdən sonra, Teatr İnstitutuna - Ədil İsgəndərovun kursuna daхil olur. 1950-ci ilin oktyabrında Milli Dram Teatrında fəaliyyətə başlayır. Ötən əsrin 80-ci illərindən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində aktyorluq sənətindən dərs deyən Məlik Dadaşov ömrünün sonuna kimi teatrda çalışıb. Şeyx Nəsrullah, Qəmlo, Molla Sadıq kimi mənfi tipləri məharətlə oynayıb. Aktyor ömrünün son illərində yarqadıcılıq fəaliyyətini S.Vurğun adına Rus Dram Teatrında davam etdirib. Məlik Dadaşov 24 may 1960-cı ildə əməkdar artist, 1 iyun 1974-cü ildə xalq artisti fəxri adları ilə təltif edilib. 26 may 1986-cı ildə “Birisi gün gecə yarısı” filminə görə Respublika Dövlət mükafatı laureatını alıb. Bütün yaradıcı ömrünü Azərbaycan aktyor sənətinin inkişafına həsr etmiş görkəmli teatr və kino aktyoru Məlik Dadaşov 3 dekabr 1996-cı ildə vəfat edib.

 

Səhnəmizin və filmlərimizin ən qorxulu siması idi. Onun yaradıcılığının başlanğıcı Azərbaycan milli teatr sənətinin güclü inkişaf dövrünə təsadüf edir. O zaman səhnəmizdə Ələsgər Ələkbərov, Mehdi Məmmədov, Adi İsgəndərov və onlarla digər sənət korifeyləri çalışırdı. Bu sənət mühiti onun yaradıcılıq bioqrafiyasına güclü təsir göstərir və tezliklə səhnəmizin qüdrətli sənətkarları sırasına çıxarır.  Yaradıcılığında Hüseynqulu Sarabskidən, Abas Mirzə Şərifzadədən və digər klassiklərimizdən bəhrələnən M.Dadaşov dramatik rolların mahir ifaçısı idi. Aktyor, başında Qəmlo olan, bir çox qorхulu kişi obrazları ilə iri addımlarla, zəhm və qorхu saça-saça kinoya və teatra daхil oldu. Azərbaycan kinto və teatr sənəti tariхində Məlik Dadaşov qorхunc, bir az da mistik obraza malik sənətkar kimi tanındı.  O, mənfi tipləri məharətlə oynayırdı. Sənətkar nəhəngliyi səhnəmizdə Yaqo, Maqbet, Prospero, Şeyх Nəsrullah, Qəmlo, Molla Sadıq, Armen Хaçaturyan kimi qorхulu obrazları bir-birinə caladı. Ömrünün sonuna kimi teatrda çalışan aktyorun V.Şekspirin “On ikinci gecə”, L.Tolstoyun “Canlı meyit”, S.Vurğunun “Fərhad və Şirin”, Ş.Qurbanovun “Sənsiz”, İ.Qasımovun “Nağıl başlananda” və s. tamaşalarda yaratdığı obrazlar bu gün də xatirələrdən silinməyib. Məlik Dadaşov səhnədə pafosla, yüksək romantizmlə yaşayan aktyorların arasında sakit və təbii oyunu ilə fərqlənirdi. O, ifa zamanı səsini boğmadan, qışqırmadan, süni gülüş və tragizm yaratmağa can atmadan öz oyununa təbiilik və həyatilik qatardı. Aktyor 60-cı illərdə teatrda Şeyх Nəsrullah obrazını ifa etməklə sənətkarlıq məharətini ortaya qoydu. Xaraktercə mürəkkəb və zidiyyətli, dolğun bir obraz olan Şeyх Nəsrullah Məlik Dadaşov sənətinin zirvəsində parlayan rola çevrildi və onun səhnə fəaliyyətində ən uğurlu ifa oldu. Bundan sonra rol aldığı mənfi xarakterli obrazlarla uğur qazanan aktyor cinayətkar, zərif və həssas təbiətə malik Prospero, Maqbet kimi qəhrəmanları da səhnədə canlandırdı. Məlik Dadaşovun Azərbaycan aktyorluq məktəbinin formalaşmasında xüsusi xidmətləri var. O, klassik və müasir aktyor sənətinin sintezindən yaranan bir ifa tərzi seçib. Yaratdığı obrazların ifası üçün elə gözəl ifadə vasitələri tapırdı ki, hətta tarixi qəhrəmanlar belə reallığa çox yaxınlaşırdı. Yaratdığı tarixi şəxsiyyət obrazları demək olar ki, dediklərimizi bir daha təsdiq edir. Həyatda da yaratdığı obrazlar kimi çılğın və səmimi insan idi. Bəlkə, ona görə də çox vaxt deyirdilər ki, Məlik müəllim ekranda, səhnədə elə özünü oynayır.

Məlik Dadaşov əsl xalq artisti idi. Doğrudan da, xalq onu çox sevirdi. Hətta bəzən onun qəhrəmanlarının ifadələri xalqın dilindən düşmürdü. Qəmlonun (“Axırıncı aşırım”) Kərbəlayi İsmayılla dialoqunda - “Abbasqulu bəyin nazı ilə çox oynayırsan, haa... Kərbəlayi” ifadəsi artıq dillərdə sitata çevrilib. Qəmlo rolu ilə akyor filmin əsas dramatik yükünün daşıyıcısına çevrilir. Ancaq təəssüflə qeyd etmək lazımdır ki, kişi rolunun ən yaxşı ifasına görə keçmiş İttifaq festivalında onun adı mükafatçılar siyahısına salınmır. O vaxt “sovetlərin düşməni (Qəmlo) “sovet” mükafatını ala bilməz” deyilirdi . Bütün ömrünü səhnə həyatına həsr edən aktyorun ölüm səbəbi də teatrla bağlıdır. Belə ki, tədris teatrında tələbələrlə məşq zamanı səhnədə yıxılıb, başından ağır yaralandıqdan sonra vəfat edir.

Çox aktyorların adlarını çəkmək olar ki, Məlik Dadaşovdan öyrəniblər. M.Dadaşov Azərbaycan teatr  tarixində tək-tək aktyorlardandır ki, onun məşq prosesi bir məktəb imiş deyirlər. Hətta bəzi xarakterik xüsusiyyətləri ona mane olmasaydı, bəlkə də dünya səhnələrinə çıxa bilərdi. Xasiyyətinə görə bəzi rejissorlar onu filmə çəkmək istəmirmiş.  Rol aldığı elə filmlər də olub ki, bir hissəsi çəkilirdi, sonra M.Dadaşov çəkilişlərə gəlmirmiş. Başqa işləri, çəkilişləri olurdu, ora gedirdi və bu da rejissorları qane etmirdi. Çox səbirsiz, saatlarla çəkiliş meydançasında gözləməyi sevməyən bir aktyordan danışdıq... (Simsar jurnalı)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!