19 Yanvar, 2017
BSU-da 2o Yanvarla bağlı tədbir keçirildi

Bakı Slavyan Universitetində (BSU) 20 Yanvar faciəsinin 27-ci ildönümünə həsr edilmiş anım mərasimi keçirilib.BSU-dan Simsar.az-a  verilən məlumata görə, mərasimdən əvvəl universitetin rəhbərliyi, müəllim və tələbə kollektivi Şəhidlər Xiyabanını ziyarət edərək şəhidlərin məzarı önünə qərənfil dəstələri düzüblər. 20 Yanvar faciəsi ilə bağlı Bakı Slavyan Universitetinin foyesində stend hazırlanıb, tərcümə fakültəsinin I kurs tələbəsi Klara Cəfərovanın rəsmləri sərgilənib. “Şəhidli Şahidli Qanlı Yanvar” adlanan tədbirdə Dövlət himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Tədbiri giriş sözü ilə açan BSU-nun rektoru, professor Nurlana Əliyeva bildirib ki, 20 Yanvar xalqımızın yaddaşına, müstəqillik  tarixinə qanla yazılmış bir səhifədir: “Bu tarix azərbaycanlıların  azadlıq səsini ucaltdığı, öz ərazi bütövlüyü  uğrunda  qəhrəmanlıq  nümayiş etdirdiyi şərəfli bir tarixdir”.Tərbiyə işləri üzrə prorektor Xanım Sultanova, Qələbə Əlillər Cəmiyyətinin sədri, Qarabağ müharibəsi veteranı Mehdi Vedili,  Əsgər Ailələrinə Dəstək İctimai Birliyinin sədri Mətanət Əsgərqızı, Qarabağ müharibəsi veteranı, BSU-nun dosenti Sadir Məmmədov, tarix elmləri doktoru Habil Məmmədov, dosent Ərzuman Əmirov çıxışlarında sovet hakimiyyətinin Azərbaycan haqqında qaranlıq düşüncələrini tarixi aspektdən dinləyicilərin diqqətinə çatdıraraq faciənin yaranma səbəbləri və faciə zamanı törədilən dəhşətlər haqqında ətraflı məlumat veriblər. 20 Yanvar hadisələrinin Azərbaycan xalqının müstəqillik tarixində mühüm əhəmiyyət kəsb etdiyini deyən çıxışçılar bu faciənin gənc nəslə çatdırılması, eləcə də ona siyasi-hüquqi qiymət verilməsi ilə bağlı geniş təbliğat işlərinin aparılmasının zəruriliyini qeyd ediblər. Sonra BSU tələbləri şəhidlərə həsr edilmiş şeirlər deyib, “Şəhidlər ölməz, Vətən bölünməz!” şüarını səsləndiriblər.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!