25 May, 2011
HİCABLI XANIMLARIN AKSİYASINA MƏTBUATDAN LAQEYİDLİK

«Azadlıq» radiosunun Bakı Bürosunun koordinatoru Babək Bəkir: «Biz mərkəzi ofislə məsləhətləşmədən hər hansı açıqlama verə bilmərik»

“Müsavat.com” saytının redaktoru: «Məlumatımız olmayıb”

Ölkədə ən xırda hadisəyə, narazılığa dərhal reaksiya verən, müxalifətin aksiyalarından geniş reportajlar hazırlayan media qurumlarından bəziləri hicablı qadınların dünənki aksiyası barədə heç bir xəbər vermədilər. 

Konkret olaraq azadlıq.org saytı və “Yeni Müsavat” qəzeti təxminən 150-hicablı xanımın Milli Parkda keçirdiyi dinc aksiya barədə informasiya dərc etdi.


Hər iki media qurumu demokratik proseslərə həssas yanaşır, azad söz, azad mətbuat, sərbəst toplaşmaq azadlığı ideyalarına önəm verirlər. Bu mənada onların dindarların aksiyasını işıqlandırmamaları təəccüblü görünür.

«Azadlıq» radiosu ABŞ Konqresi tərəfindən və federal qrantlarla maliyyələşir. «Yeni Müsavat» qəzeti isə Müsavat Partiyasının orqanı olmasa da, bu partiyanın ideyalarının təbliğinə üstünlük verir.

«Dindar xanımların aksiyasından niyə heç bir məlumat vermədiniz» sualı ilə hər iki media qurumunun rəhbərliyində təmsil olunan şəxslərə müraciət etdik.

«Azadlıq» radiosunun Bakı Bürosunun koordinatoru Babək Bəkir məsələ ilə bağlı hər hansı açıqlama vermək istəmədiyini bildirdi: «Biz mərkəzi ofislə məsləhətləşmədən hər hansı açıqlama verə bilmərik. Odur ki, üzürlü hesab edin».

«Musavat.com» saytının redaktoru Xalid Kazımlı Simsar.az-a açıqlamasında dindarların aksiyası barədə məlumatları olmadığını dedi: «Məlumatımız olmayıb. Olsaydı, xəbəri yerləşdirərdik. Biz istənilən əhəmiyyətli xəbəri yazırıq, dərc edirik».

Media üzrə ekspert Zeynal Məmmədli hesab edir ki, dindar xanımların aksiyası ilə bağlı mətbuat xəbər verməlidir: «Sadəcə baxmaq lazımdı ki, həmin gün daha əhəmiyyətli xəbərlər olubmu? Media qurumu əhəmiyyətli hesab etdiyi xəbəri verməlidi. Düzdü, Amerikada bəzi nüfuzlu mətbu orqanlar dini xəbərlərə o qədər də yer ayırmırlar. Məsələyə, yalnız xəbər kimi, insanların sərbəst toplaşmaq azadlığından istifadəsi kimi yanaşmaq lazımdı. Buna dini hadisə kimi ciddi əhəmiyyət verməyi düzgün hesab etmirəm».


RAMİL

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!