24 May, 2011
TACİKİSTANDA 165 METR HÜNDÜRLÜKDƏ BAYRAQ

Bayrağın eni 30 metr, uzunluğu isə 60 metrdir. 

Tacikistanın paytaxtı Düşənbənin mərkəzində dirəyinin hündürlüyü 165 metr olan dövlət bayrağı qurulub. Simsar.az xəbər verir ki, bayrağın eni 30 metr, uzunluğu isə 60 metrdir. 

Mayın 24-də 165 metr hündürlükdə bayraq ilk dəfə olaraq dalğalandırılıb. Bunun texniki sınaq olaraq həyata keçirildiyi, yeni bayrağın rəsmi açılışının bir müddət sonra reallaşdırılacağı bildirilir.

Belə bir bayrağın Düşənbədə Millətlər Sarayının qarşısında dalğalandırılmasının təşəbbüskarı Tacikistan prezidenti İmaməli Rəhmandır. İmaməli Rəhman Millətlər Sarayının qarşısında dövlət gerbi həkk olunmuş 45 metrlik postamentin qurulmasını da təklif edib.

Tacikistandakı bu bayraq dünyanın ən hündür bayrağı sayıla bilər. Məsələ burasındadır ki, 2010-cu ilin sentyabrında Bakıda ucaldılan bayraq dünyanın ən uca bayrağı kimi qəbul olunub və “Ginnesin rekordlar kitabı”na düşüb. Bakıda Dövlət Bayrağı Meydanında dalğalanan bayrağın dayağının hündürlüyü 162 metr, bayrağın eni 35 metr, uzunluğu 70 metrdir.

Azərbaycandakı Dövlət Bayrağı Meydanının layihəsini ABŞ-ın “Trident Support” şirkəti hazırlayıb. Tacikistandakı bayrağın da quraşdırılmasını “Trident Support" şirkəti həyata keçirib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!