24 May, 2011
ÇİNGİZ ABDULLAYEVİ İLK TƏBRİK EDƏN SİMSAR.AZ OLDU

Yazıçı “mükafatlarınızın sayını itirməmisizmi” sualına orijinal cavab verdi

Mayın 19-22-də Rumıniyanın Qorj vilayətində 31-ci Beynəlxalq Tudor Argezi Ədəbiyyat Festivalı keçirilib. 
Festival rumın ədəbiyyatının ən böyük klassiklərindən hesab olunan şair Tudor Argezinin xatirəsinə edilib.
Bu ilki festivalda Azərbaycanla yanaşı, Bolqarıstan, Türkiyə, Almaniya, Yunanıstan, Serbiya nümayəndələri də iştirak ediblər. Mayın 22-də şairin Tırqu Karbuneşt şəhərində yerləşən ev muzeyində keçirilən laureatların qala mərasimi zamanı Azərbaycanın xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin katibi, “Pen-Klub”un rəhbəri Çingiz Abdullayev ədəbiyyat sahəsindəki uğurları, eləcə də Rumıniya-Azərbaycan mədəniyyət əlaqələrinin inkişafındakı xüsusi xidmətlərinə görə ölkənin görkəmli mədəniyyət xadimlərinin daxil olduğu Rumıniya Yazıçılar Birliyinin Direktorlar Şurası və Qorj Vilayət Şurasının birgə qərarı əsasında Tudor Argezi mükafatına layiq görülüb.
Bundan başqa, mərasim zamanı Azərbaycan yazıçısına onun Tırqu Karbuneşt şəhərinin fəxri sakini seçilməsini təsdiq edən sənəd təqdim olunub və portreti Tudor Argezinin ev muzeyindəki laureatlar lövhəsinə vurulub.
Xalq yazıçısı Cingiz Abdullayev bu uğurunun sevincini Simsar.az-la bölüşdü: “Bu mükafatı gözləmirdim, təbii ki, çox sevindim. Tudor Argezi mükafatı beynəlxalq mükafatdı və dünyanın bir çox tanınmış insanlarına verilib. Bu mükafat Ruminiyanın ədəbiyyat mükafatıdır, mən də bu mükafat layiq görüldüyüm üçün sevinirəm, amma düşünürəm ki, yazıçı və istənilən şəxs mükafat üçün işləməməlidir”.
“Mükafatlarınızın sayını itirməmisiniz” sualına isə yazıçı Çingiz Abdullayevin cavabı belə olub: “Elə də çox mükafatım yoxdu. Bu günə qədər14 mükafat almışam”.

Yazıçını bu uğuruna görə ilk təbrik edən Simsar.az saytı oldu. Dünya səviyyəli yazıçıdan uğurlarının davamını istəyirik.

Aynurə Həsənova

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!