24 May, 2011
Azərbaycanın indiki və keçmiş deputatı dünyalarını dəyişib

Onlardan birininfaciəli şəkildə həm özü, həm də atası həlak olub  

İki acı xəbər birdən yayılıb. Bir neçə dəqiqə öncə Simsar.az saytına Azərbaycanın indiki və keçmiş deputatı dünyalarını dəyişməsi barədə məlumat daxil olub. 

Xəbərə görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üzvü Məmməd Məmmədov mayın 21-də faciəli şəkildə dünyasını dəyişib. Onun yol qəzasında öldüyü bildirilir.

Hadisənin faciəvi tərəfi həm də ondadır ki, deputatla birlikdə “Mercedes” markalı maşında olan atası Yarəli Məmmədov da dünyasını dəyişib. Hadisə nəticəsində deputatın həyat yoldaşı xəsarət alıb.

“Əməkdar jurnalist” Məmməd Məmmədov “Şərq Qapısı” qəzetinin baş redaktoru, “Azərbaycan” qəzetinin Naxçıvan Muxtar Respublikası üzrə bölgə müxbiri olub.


İkinci qara xəbər isə Azərbaycan ictimaiyyətinin daha yaxşı tanıdığı keçmiş deputat barəsindədi. Milli Məclisin keçmiş üzvü Səttar Səfərov 74 yaşında vəfat edib.

Səttar İsmayıl oğlu Səfərov 1937-ci il iyulun 18-də Qərbi Azərbaycanda (indiki Ermənistan) Vedi rayonunun Şirazi kəndində anadan olub. 1959-1964-cü illərdə Azərbaycan Dövlət Universitetində təhsil alıb.

1955-ci ildə Ağdaş və Bərdə rayonlarında fəhlə işləyib. 1964-cü ildə Yevlax və Bakı şəhərlərində müəllim, 1966-cı ildən Azərbaycan Neft və Kimya İnstitutunun siyasi iqtisad kafedrasında müəllim, 1967-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda aspirant olub.

1985-ci ildən iqtisad elmləri doktoru, 1986-cı ildən isə professordur. 1971-ci ildən Moskva Kooperativ İnstitutunun Bakı filialında baş müəllim, dosent, kafedra müdiri, 1989-cu ildən direktor müavini, direktor, 1995-ci ildən Azərbaycan Kooperasiya İnstitutunun rektor vəzifəsində işləyib.

8 kitabın və 170 elmi məqalənin müəllifidir. 1995 və 2000-ci ildə Azərbaycan Milli Məclisinin deputatı olub. Milli Məclisin İqtisadi siyasət daimi komissiyasına sədrlik edib.

Evli idi, 2 övladı var.

Allah hər üç şəxsə rəhmət eləsin.

Anar

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!