17 Dekabr, 2016
İslam və Ədəbiyyat

İslamın töhfə verdiyi ən böyük sahələrdən birinin ədəbiyyat olduğunu yəqin ki, heç kəs danmaz. Müsəlman xalqlarının yaratdığı poeziyaya bütün xalqların dühaları valeh olublar. Həqiqətən də, çətin bir dönəmdə yaşayan şairlər əbədi yaşayacaq bir əsərlər ərsəyə gətirmişdilər. Bir şeirdə, zamanın elmi nailiyyətləri, ictimai-siyasi durumu, adət-ənənələri, ən əsası isə şairin idealları öz əksini tapırdı. Bütün bunlar həm xəttatlıq baxımından, həm də şeiriyyat baxımından  incə və nəfis formada tərtib olunurdu. Əcdadımız gözəl məzmunun gözəl formada çatdırılmalı olduğuna etiqad bəsləyirdi, çünki onların ilham aldığı “Quran” –  gözəlliyin mənbəyi olan Allahın kəlamı idi.

Müsəlman ədəbiyyatı barədə danışmazdan öncə, bu mədəniyyətdə dilçiliyin, xüsusən ərəb dilinin yeri barədə danışmaq lazımdır. İstənilən mədəniyyətin və ya regionun təmsilçiləri “lingua franca”, yəni ümumi dilə möhtacdırlar. Müxtəlif dillərdə danışan xalqların bir biri ilə iqtisadi, siyasi, mədəni, elmi əlaqələr yaratmasında ümumi dilin olması zəruridir. Necə ki, müasir dünyaya çıxış əldə etmək üçün ingilis, fransız və ya rus dillərinə yiyələnmək zəruridir. Müsəlman aləmində ərəb və bəzən fars dillərini bilmədən yazıb-yaratmaq, ticarət etmək və diplomatiya qurmaq mümkün deyildi. Ələlxüsus, “Quran”ın nazil olduğu dil - ərəb dili fərqli etnik mənsubiyyətə malik müsəlmanların bir-biri ilə təmasa girməsi üçün mühüm rola malik idi. Ərəb dilinin qrammatik və ədəbi etalonu qismində “Qurani-Kərim” qəbul edilmişdi. Bu baxımdan dilçilik, həm də ilahi kəlamın başa düşülməsi üçün bir vasitə idi. Odur ki, cahiliyyət dövründə ərəb dilində yazılan mənbələr də araşdırılır, sözlərin mənşəyi və mənaları dəqiqləşdirilirdi. Bu isə bütün müsəlman xalqlarının mədəniyyətinə təsir edirdi.

İslamdan öncə yaşamış ərəb qəbilələri şeirə və şairə böyük önəm verirdilər. Ona görə də, bu dildə poeziyanın çeşidli janrları mövcud idi. Ərəb şeirinin özəl xüsusiyyəti ellinist mədəniyyətin təsirinə düşməməsində idi. Yəni, region xalqlarından fərqli olaraq, ərəblər bəlkə də yeganə xalq idi ki, yunan mədəniyyəti ilə təmasda olmamışdılar. Bu isə onlara fərqli, özəl ədəbiyyat yaratmağa imkan verirdi. Gələcəkdə bu özəllik bütün müsəlman xalqlarının ədəbi irsinə çeviriləcəkdi.

Musiqi ahənginə uyğun məhəbbət şeirləri

Ən qədim ərəb ədəbiyyatı nümunəsi qəsidə sayılır. Şairlər ya öz həyatı, ya da qəbilələrinin məşhur qəhrəmanları barədə yazdıqları epik poemaları qəsidə adlandırırdılar. 15-200 sətirdən ibarət bu poemalar beytlərə bölünürdü. Beyt – şeirin məzmun baxımından bir birinə bağlı iki sətrinə deyilirdi. Qəsidənin əvvəlində həyatın sevincləri, ortasında qəhramanın həyatı, sonunda isə nakam məhəbbət vəsf olunurdu. Beləliklə qəsidələr lirik və epik janrların inkişafına təkan verirdi. Azərbaycan ədəbiyyatında qəsidələrin ən məşhurları İmam Hüseynə ithaf olunub və onları adətən Məhərrəmlik məclislərində oxuyurlar. Bu qəsidələrdə yalnız Kərbəla qəhramanlığı deyil, həm də ilahi eşq və insani məhəbbət də tərənnüm edilir. Bu ənənənin kökü Əməvi dönəmində qoyulmuşdu. Çünki Kərbəla hadisəsi məhz bu sülalənin hakimiyyəti zamanı baş vermişdi. Əməvilər zamanı İslam mədəniyyətinə digər yenilik də gətirilmişdi. Məsələ orasındadır ki, ərəblər xilafət qurduqdan sonra, şəhər həyat tərzinə üstünlük verməyə başladılar. Bunun təsiri altında qədim İran və Bizansda olduğu kimi şəhərlərdə meyxanələr qurulur və müğənnilər müştəriləri musiqi ilə əyləndirirdilər. Müğənnilərin oxuması üçün, musiqi ahənginə uyğun məhəbbət şeirləri yazılırdı. Beləcə meyxanələrdə qəzəl janrı formalaşırdı. Zaman keçdikcə müsəlman mütəfəkkirləri arasında irfani meyillər geniş yayılmağa başlayır. Məst olduqları ilahi eşqi vəsf etmək istəyən ariflər qəzəldən gözəl üslub tapa bilərdilər?! Öz nəğməsi və ahəngi ilə seçilən qəzəl Yaradana olan sonsuz eşqi izhar etmək üçün ən münasib janr idi. İrfani şeirlər yaradıcılıq və təfəkkür üçün geniş, sərhədsiz fəza yaradırdı. Şair məcazi dili ilə sətirlərə çoxmənalıq verir, oxucunun düşünməsinə, şeirdə özünü tapmasına imkan verirdi. Leyli və Məcnun, Xosrov və Şirin, Qeys və Lübnənin məhəbbəti sonsuz, əlçatmaz, ülvi eşqin vəsfi üçün bir pərdəyə çevirilir. Xalqın dilndə əzbər olan bu dastanlar insanın Yaradana tərəf pərvaz etməsini anladan məcaz olur.

Ən çətin üsul “səc” vəzni idi

Ümumiyyətlə, müsəlman xalqları qəhrəmanlarını yaşatmağa böyük önəm veririblər. Onlar qəhrəmanları unutmur, onlar üçün igidlik nümunələri ilə zəngin əsərlər yaradırdılar. Məhəbbət mövzusundan azad, yalnız qəhrəmanın tərif edən poeziya nümunələri formalaşdırırdılar. Buna da mədh deyilirdi. Bəzən bu yazılar siyasi instrumentə çevirilir və hakimlərin tərifinə həsr olunurdu.

Şeiriyyatın geniş yayılması elə təəssürat yaradır ki, müsəlman xalqları nəsrə önəm vermirdilər. Düzdü, XIX əsrdə Avropa mədəniyyətinin təsirinə düşməyənə qədər müsəlman ədibləri nəsrə üstünlük vermirdilər, lakin bu nəsrin olmaması anlamına gəlmir. Abbasilər Bağdadda böyük kitabxana və tərcümə mərkəzi təsis etdikdən sonra müxtəlif xalqların folkloru və əsərləri ərəbcəyə çevirilirdi. Bu istiqamətdə ilk addımı iranlı vəzir İbn Mükəffə atır. Onun farscadan tərcümə etdiyi əsər isə şahənşah Ənnuşirəvanın dövründə sanskrit dilindən fars dilinə çevirilən “Kəlilə və Dimnə” idi. Digər iranlı – Abdullah Ənsari isə qafiyəli nəsr, müasir dildə desək “bəyaz şeir” üsulunda yazmağa başlayır. Bu üsul əslində “Quran” ayələrinin nazil olduğu “səc” vəznində yazılırdı. Səc ən çətin üsul sayıldığından bir çoxları ona müraciət etməyə cəsarət etmirdilər. Vaxtilə Məkkə müşriklərinin “Quran”a valeh olması da, məhz “Quran”ın “səc” vəznində nazil olması ilə bağlı idi.

IX əsrin sonlarında xalq arasında mütaliəyə rəğbətin artması ilə nəsr ən populyar janra çevirilir. Tarixi hadisələrə bədii əlavələr edilir, novellalar yazılırdı. Bu sahənin pionerləri Cahiz və İbni Quteyb sayılsa da, Təbəri, Məsudi kimi tarixçilər və Bağdad fəlsəfi məktəbinin filosofları yazdıqları əsərləri informasiya ilə yanaşı bədiiliklə də yükləyirdilər. Buna baxmayaraq bir çox ədiblər bunu zövqsüzlük kimi dəyərləndirmişlər. Ona görə də, nəsr janrı kimi yaranan “məqam” əsasən əyləncəvi xarakter daşıyırdı. Məqamın özəl xüsusiyyəti satira, yumor, məsxərə və istehza ilə dolu olmasıdır. Adətən bu janrda yazılan əsərlərin adı olmurdu, qəhraman isə həm də hadisəni nəql edən şəxs qismində çıxış edirdi. Bədiüzzaman və Həririnin məqam topluları bu gün də maraqla oxunulur. Maraq üçün deyək ki, Avropada XVI əsrdə formalaşan və müasir novelistikanın fundamenti sayılan pikaresk romanları məhz məqamların təsiri altında İspaniyada formalaşmışdı. Müsəlman nəsrinin inkişaf tarixində İspaniyanın özəl yeri var. Əndəlüsü fəth edən müsəlmanlar burada ədəbi irsi qorumaq üçün poeziya əsərlərini nəsrə salıb toplu halına gətirmişlər. İbn Əbu Rəbbihinin “Misilsiz inci”si müsəlman nəsrinin əsl şedevri sayılır.

“Min bir gecə” orta əsrlər nəsrinin zirvəsi hesab olunur

Hər halda, müsəlman Şərqinin ədibləri nəsrə etibar etmir, onu primtiv sayırdılar. Məsələn, bütün dünyada orta əsrlər nəsrinin zirvəsi sayılan “Min bir gecə” vaxtı ilə folklordan qaynaqlanan bayağı bir əsər kimi tanınırdı. Mahiyyət etibarı ilə bu əsərin də kökü İran və Hindistandan qaynaqlanır. Sasanilər dönəmində “Min nağıl” kimi tanınan bu əsər vaxtı ilə sanskrit dilindən tərcümə edilmişdi. IX əsrin sonlarında farscadan tərcümə olunub əlavələrlə zənginləşdirildikdən sonra, unudulmuş əsər yeni formada – Şəhrizadənin xəlifəyə danışdığı nağıllar kimi canlandırıldı. Ümumiyyətlə, qeyd olunmalıdır ki, nəsrə adətən saray ədibləri müraciət edərdilər. Çünki bu üsulda yazılan təriflər birmənalı qarşılanırdı. Müxalif siyasi baxışlı şairlər isə məcaz dilində yazılmış nəzm formalarına müraciət edirdilər. Bu isə nəzmin şaxələnməsinə səbəb oldu. Orta əsrlərdə formalaşmış qitə janrında həm mədhə, həm tənqidə, həm qəm-qüssəyə rast gəlmək olurdu. Fəlsəfi yükü, aforizm və xalq hikməti ilə zəngin olan şeirlər isə rübai janrında yazılırdı. Bununla belə, janrın qaydalarına əməl etmək şair üçün vacib idi. Çünki, onun əsərinə yalnız məzmununa görə deyil, formasına görə də önəm verirdilər. Çətin söz oyunu, nəfis məcazlar, mütaliə tələb edən müqayisələr istifadə etməklə yanaşı, şair sözləri elə ardıcıllıqla qoymalı idi ki, xəttatlıq baxımından şeir naxışa bənzəsin. Yəni şeirin forması dedikdə yalnız səslənmə deyil, görüntü də böyük əhəmiyyət kəsb edirdi. Məhz bu səbəbdən XI əsrdən etibarən, demək olar ki, müsəlman dünyasında ədəbi janrlar formalaşmırdı. Lakin janrlar daxilən zənginləşir və inkişaf edirdilər.

Yeni ədəbi janrlar

Buna baxmayaraq, qeyd olunmalıdır ki, ictimai-siyasi hadisələrin təsiri altında XI əsrdən sonra bəzi janrlar formalaşdılar. Məsələn, Əndəlüsdə müsəlmanlar avropalılara təsir etdikləri kimi, onlardan da təsirlənirdilər. Burada, Avropada olduğu kimi, cəngavərləri mədh edən şeirlər yazılırdı. Və yaxud Şərq ölkələrində ərəb millətçiliyinin tərənnümü olan xilafət dağıldıqdan sonra, xalq yaradıcılığı yenidən yada salınır, qələmə alınırdı. Ərəb dilinin inhisarlığı aradan qalxdıqdan sonra şairlər həm öz dillərində yazır, həm öz milli ədəbi adətlərini dirildirlər. Beləcə dastanlar, qissələr, nəğmələr, əfsanələr yenidən yazılır. Qədim İran şairlərinin yazıdığı poema - məsnəvi janrı da yenidən gündəmə gəlir. Məsnəvi o qədər populyarlaşır ki, artıq ərəblər də bu janra müraciət edirlər. Məsnəvilərn məna yükü fərqli idi. Məsələn Bəlxi öz məsnəvilərində məhəbbəti, Nizami etik-fəlsəfi mövzuları vəsf edirdi.

Elə bu dövrdə ensiklopedik janr – təzkirə yaranır. Antoloji-biblioqrafik mahiyyətli təzkirələr bu gün ədəbiyyatşünasların ən çox müraciət etdiyi janrdı. Təzkirələr sayəsində qədim şairlərin həyat və yaradıcılığı barədə az da olsa məlumat əldə edə bilirik. Monqol işğallarından sonra müsəlman mədəniyyəti, o cümlədən, ədəbiyyat süqut dövrünə qədəm qoyur. Artıq XV-XVI əsrlərdə klassik ədəbiyyat, demək olar ki, tükənir və şahların, sultanların yazdığı şeirlərlə məhdudlaşır. Bunun əsas səbəbi isə, elmi-mədəni fəzada hökm sürən azadlığın aradan getməsi olur.

Mənəvi Dünya İctimai Birliyi

 

 

 

 

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!